Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

baxmaq [baxmax] feil

1. Bir şeyi görmək üçün gözlərini ona dikmək, nəzərini bir şeyə dikmək, nəzər yetirmək. Pəncərədən baxmaq. Diqqətlə baxmaq. Ətrafına baxmaq. Eyib tapır özgəyə, bir baxmayır güzgüyə. (Atalar sözü). Aynaya baxan camalın görər. (Atalar sözü).
2. Tamaşa etmək, gözdən keçirmək, müşahidə etmək, seyr etmək. Kinoya baxmaq. Şəklə baxmaq. Özgə ağzına baxan ac qalar. (Atalar sözü).
3.  Mütaliə etmək, ötəri oxuyaraq, ya göz gəzdirərək tanış olmaq, gözdən keçirmək.Kitaba baxmaq. Qəzetə baxmaq. Dərslərinə baxmaq. Baxmaqla öyrənmək olsaydı, sallaqxanadakı itlərin hamısı qəssab olardı. (Atalar sözü).
4. Öyrənmək, oxumaq, məşğul olmaq, yoxlamaq, gözdən keçirib düzəltmək, təshih etmək. Əlyazmalarına baxmaq. Şagirdlərin dəftərlərinə baxmaq.
5. Göz gəzdirmək, axtarmaq, araşdırmaq. Yaxşı bax taparsan. Hər yerə baxdım, tapa bilmədim.
6. Yoxlamaq, müayinə etmək. Nəbzinə baxmaq. Hərarətinə baxmaq. İsti-soyuqluğuna baxmaq. Bəy verən atın dişinə baxmazlar. (Atalar sözü).
7. Birindən nümunə götürmək, ibrət götürmək, özünü ona oxşatmaq, fikir vermək. Yoldaşlarına bax, özünü düzəlt. Anasına bax, qızını al, qırağına bax – bezini. (Atalar sözü).
8. Fikir vermək, əhəmiyyət vermək, diqqət yetirmək, nəzərə almaq, qulaq asmaq, hesablaşmaq.Deyilənlərin heç birinə baxmadı. Adamın hüsnünə baxma, ağlına bax. (Atalar sözü).
9. Bir şey haqqında müəyyən rəyi, fikri, mülahizəsi olmaq; bir münasibət göstərmək, qiymətləndirmək, hesab etmək, saymaq. Sən bu məsələyə necə baxırsan? Boyuna baxma, bacarığına bax. (Atalar sözü). Çarığına baxma, ürəyinə bax. (Atalar sözü).
10. Müzakirə etmək, gözdən keçirmək.İclasda hansı məsələlərə baxacaqlar? Məhkəmə bu gün işə baxacaqdır.
11. Ölçüb-biçmək, yoxlamaq, fikirləşmək, düşünmək, mülahizə etmək. Baxaram, vaxtım olsa, gələrəm. Baxarsan, xoşuna gəlsə, alarsan.
12. Qulluq etmək, xidmət etmək, qayğısına qalmaq, təmin etmək, nəzarət etmək, göz qoymaq, göz-qulaq olmaq; üstündə gözü olmaq, qarovul çəkmək. Xəstəyə baxmaq. Uşaqlara baxmaq. Sürüyə baxmaq. Bağa bax – barın gör. (Atalar sözü). Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. (Atalar sözü).
13. İdarə etmək, başçılıq etmək, müdirlik etmək. Bu işlərə kim baxır?
14. Müalicə etmək, tibbi cəhətdən nəzarət etmək, müayinə etmək. Xəstəyə hansı həkim baxır?
15. Müəyyən tərəfə yönəldilmək, çevrilmək, döndərilmək, açılmaq. Evin pəncərələri həyətə baxır. Topların ağzı dənizə baxır. Binanın ön tərəfi şimala baxır.
16. Asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq, tabe olmaq.Bu iş sənə baxır. O baxır sənin fərasətinə.

Həmçinin bax:

frazeologizm: açıq gözlə baxmaq frazeologizm: ağına-bozuna baxmamaq frazeologizm: ağzına baxmaq frazeologizm: Allah üzünə baxıb frazeologizm: ayağı sözünə baxmamaq frazeologizm: ayı kal armuda baxan kimi baxmaq frazeologizm: bir aşağı, bir yuxarı baxmaq frazeologizm: bir gözü çaya (ala dağa) baxır, bir gözü aya (qara dağa) frazeologizm: canına baxmaq frazeologizm: dağına baxıb qar vermək frazeologizm: dalına-qabağına baxmamaq frazeologizm: damarına baxıb qan almaq frazeologizm: dəvə nalbəndə baxan kimi baxmaq frazeologizm: dik baxmaq frazeologizm: düşmən gözü ilə baxmaq frazeologizm: elə-belə baxmaq frazeologizm: əl-ayağı sözünə baxmamaq frazeologizm: ələ baxmaq frazeologizm: fala baxmaq frazeologizm: göz altından baxmaq frazeologizm: gözünün ucu ilə də baxmamaq frazeologizm: hamıya bir gözlə baxmaq frazeologizm: həqiqətin gözünə dik baxmaq frazeologizm: işə baxmaq frazeologizm: işığa kor baxım frazeologizm: kəm baxmaq frazeologizm: lupa ilə baxmaq frazeologizm: maaşa baxmaq frazeologizm: meymun baxar güzgüyə, adını qoyar özgəyə frazeologizm: mikroskopla baxmaq frazeologizm: müştəri gözü ilə baxmaq frazeologizm: ölümün gözünə dik baxmaq frazeologizm: sözə baxmaq frazeologizm: üzünə baxa bilməmək frazeologizm: üzünə baxmaqla doymaq frazeologizm: üzünə şax baxmaq frazeologizm: üzünə yaxşı baxmaq frazeologizm: yaxşı baxmaq frazeologizm: yan baxmaq frazeologizm: yediyi çörəyə xor (əyri) baxmaq frazeologizm: yuxarı baxıram, bığdır, aşağı baxıram, saqqal frazeologizm: yuxarıdan aşağı baxmaq frazeologizm: yuxarıdan baxmaq frazeologizm: zol vurub baxmaq Azərbaycan dilinin izahlı lüğəti