Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

birinci növ təyini söz birləşməsi

Sözdəyişdirici şəkilçi qəbul etmədən düzələn təyini söz birləşməsi.

Birinci növ təyini söz birləşməsinin asılı tərəfi atributiv (təyinedici) sözlə: sifət, feili sifət, atributivləşmiş isim, işarə əvəzliyi və ya sayla, ikinci tərəfi isimlə və ya isimləşmiş sözlərlə ifadə olunur; məs.: ağıllı uşaq, görünməmiş hadisə, beşinci sıra, gümüş bilərzik, iki kitab, həmin hadisə və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

birləşdirmə bağlayıcıları

Əsas vəzifəsi bərabərhüquqlu sintaktik vahidləri birləşdirməkdən ibarət olan tabesizlik bağlayıcıları: və, ilə (la2).

Birləşdirmə bağlayıcıları həmcins üzv­lər və tabesiz mürəkkəb cümləni təşkil edən sadə cüm­lələr arasında işlənilir; məs.: Doğru ilə yalan bir araya sığ­maz. Dostum məktəbdən çıxdı və biz bir yerdə evə yollandıq.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bölüşdürmə bağlayıcıları

Mürəkkəb cümlənin tərkib his­sələri, eləcə də həmcins üzvlər arasında əlaqə yaratmağa xidmət edən tabesizlik bağlayıcıları.

Bölüşdürmə bağla­yıcıları hərəkət və hadisələrin növbə ilə bir-birini əvəz etməsini, yaxud iki və daha artıq işdən birinin mümkünlüyünü ifadə edir. Bölüşdürmə bağlayıcıları bunlardır: ya, ya da, və ya da, ya da ki, və ya, və ya da ki, yaxud, yaxud da ki, gah, gah da, gah da ki, istər, istərsə də və s.; məs.: İstər sadə işçilər, istərsə də məmurlar bu qərardan razı qaldılar. Ya si­farişi vaxtında yerinə yetirməliyik, ya da bizi cərimə edəcəklər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bölüşdürmə məna əlaqəsi

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri, eləcə də  həmcins üzvlər arasında hadisələrin növbələşməsini və ya iki və daha artıq işdən birinin müm­künlüyünü göstərən əlaqə.

Tərkib hissələri yalnız bölüşdürmə bağlayıcıları vasitəsilə əlaqələnir, yəni bağlayıcısız dü­zəlmir; məs.: Ya Vətən torpağı tam azad olacaq, ya da biz hamımız bu yolda şəhid olacağıq. Gah yağış yağırdı, gah da güclü külək əsirdi. “Ya”, “ya da” bağlayıcılarının işləndiyi cümlələrdə iki işdən birinin mümkünlüyü ifadə olunur. “Gah”, “gah da” bağlayıcıları vasitəsilə əlaqələnən cümlələrdə isə baş verən hadisələr növbəli şəkildə əvəz edilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

budaq cümlə

Tabeli mürəkkəb cümlənin tərkibində baş cümləyə qrammatik cəhətdən tabe olan, ondan asılı olan hissə.

Budaq cümlə ya baş cümlənin buraxılmış (və ya əvəzlik-qəliblə ifadə olunmuş) bir üzvünün yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur; məs.: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmışdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığı əvəz etmişdir. Belə ki, bu mürəkkəb cümləni sadə­ləşdirib budaq cümləni bütövlükdə feili sifət tərkibi şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə aparılan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti