Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

zaman budaq cümləsi

Baş cümlədəki hərəkətin, əlamətin zamanını bildirib nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab olan budaq cümlə.

Zaman budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra gələ bilər. Baş cümlə əvvəl gəldiyi zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Bu zaman baş cümlədə o vaxt, onda, o zaman, o vədə, elə bir vaxtda və bu kimi əvəzlik-qəliblər işlənir; məs.: Mən onda kəndə çatdım ki, hava qaranlıqlaşırdı. İnsanlar öz məs­kənlərinə o zaman qayıtdılar ki, su, od və vicdanla yoldaş oldular (İ.Şıxlı).  Budaq cümlənin baş cümlədən əvvəl gəldiyi cümlələrdə əlaqə vasitəsi o zaman ki, o gün ki, o vaxt ki, nə zaman ki, nə vaxt ki, haçan ki, elə ki və s. bağlayıcı sözlər olur. Bu zaman baş cümlədə əvəzlik-qəlib qarşılıq söz kimi iştirak edir (işlənməyə də bilər); məs.: Elə ki məclis qurtardı, hamı dağılışdı.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

zaman məna əlaqəsi

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna əlaqələrindən biri.

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni za­manda baş verən hadisələr sadalanır. Zaman məna əlaqəsi birləşdirmə, inkar, iştirak bağlayıcıları və intonasiya vasitəsilə əlaqələnə bilir; məs.: Küçələrdə maşınlar şütüyür, adamlar işə tələsirdilər. Həm yağış yağır, həm də göy guruldayırdı. Za­man əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissə­lərinin yerini dəyişdikdə, əsasən, məna dəyişmir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

zaman zərfi

Hərəkət və ya əlamətin zamanını  bildirən zərf.

Nə zaman? nə vaxt? haçan? nə vaxtdan? nə vaxtadək? və s. suallardan birinə cavab verir; məs.: Mən hələ də (nə zaman?) kitabı ala bilməmişəm. Yenə (nə zaman?) göy üzünü duman bürüyüb. Zaman zərfləri quruluşca sadə, düzəltmə və mü­rəkkəb olur. Sadə zaman zərfləri: dünən, indi, inişil, daim, bi`ldir, axşam, səhər, gecə, sabah, bayaq, sonra, gec, tez, hələ, həmişə, əvvəl, yenə, dərhal və s. Düzəltmə zaman zərfləri: hələlik, çoxdan, hərdən, onda, gündə, ildə, ayda, yayda və s. Mürəkkəb zaman zərfləri: günü-gündən, kəlməbaşı, haçan­dan-haçana, arabir, əvvəl-axır, aybaay, anbaan, ara-sıra, hərdənbir, birdən-ikidən, axşamtərəfi, günorta, səhər-səhər, səhərçağı və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

zaman zərfliyi

İşin, hərəkətin, hadisənin zamanını bildirən zərflik.

Nə vaxt? nə zaman? haçan? nə vaxtadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir. Zaman zərfliyi, əsasən, zaman zərfi, isim, feili bağlama və ismi birləşmələrlə ifadə olunur; məs.: Dünən gəldi. n gələndə onu gətirdim. İlin sonunda camaat yaylağa gəlir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

zərf

Hərəkəti müxtəlif cəhətlərdən izah edən əsas nitq hissəsi.

Zərflər necə? nə cür? nə zaman? haçan? nə vaxt? hara? nə qədər? və s. suallarından birinə cavab olur. Zərf cümlədə, əsasən, feilə aid olaraq onun tərzini, zamanını, yerini və miqdarını bildirir; məs.: yaxşı danışır, çox oxuyanda, yuxarı getmək, dünən gələn və s. Zərfin ifadə etdiyi məna baxı­mından dörd növü var: zaman zərfi, tərzi-hərəkət zərfi, yer zərfimiqdar zərfi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

abdal dili

Mətndə fikrin eyhamlarla, işarələrlə ifadə üsulu; “Ezop dili” anlayışının Azərbaycan folklorundakı qarşılığı.

Bu ifadə tərzində məcazi məna, sətiraltı yük üstünlük təşkil edir. A.D. xalq arasında hazırcavablığı ilə tanınan baməzə və müdrik adamların – abdalların adı ilə bağlıdır. Belə söz ustalarından biri – Abdal Qasım haqqında el arasında çoxlu lətifə mövcuddur. Xalq arasında bu termini əvəz edən “qayışdili”, “oyunçu ağzı” kimi ifadələr də işlənilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti