Hərəkətin icra tərzini və ya vəziyyətini bildirən zərf.
Sualları: necə? nə cür? nə vəziyyətdə? nə tərzdə? Quruluşca sadə (cəld, sakit), düzəltmə (qəfildən, birdən) və mürəkkəb (addımbaşı, birdən-birə, yana-yana, sözarası, əvvəldən-axıra) olur. Tərzi-hərəkət zərfləri hərəkətin keyfiyyətini də bildirir; məs.: gözəl danışmaq, yaxşı bilmək və s. Tərzi-hərəkət zərfləri bəzən əlamətə (sifətə) də aid olur: Uşaq yamanca fərəhli idi. Burada “yamanca” sözü sifətlə ifadə olunmuş “fərəhli idi” ismi xəbərini izah edir. Tərzi-hərəkət zərfi cümlə üzvü kimi, əsasən, tərzi-hərəkət zərfliyi vəzifəsində iştirak edir; məs.: Ana uşağa həzin-həzin layla çalırdı. Rüstəm kişi Şirzada çəpəki nəzər saldı (M.İbrahimov).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti