Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qeyri-müəyyənlik bildirən yiyəlik hal

Yiyəlik hal mə­na­sına malik olub onun qrammatik funksiyasını yerinə yetirən, lakin şəkilçi ilə işlənməyən hal.

Qeyri-müəyyən yiyəlik hal­da olan sözlər II növ təyini söz birləşməsinin birinci tərəfini təşkil edir; məs.: ağac yarpağı, məktəb direktoru, kitab və­rəqi və s. İsmin bu halı formaca adlıq hala oxşayır (şəkilçisiz iş­lənir, nə? sualına cavab verir). Qeyri-müəyyən yiyəlik halda iş­lənən sözə  müəyyənlik bildirən hal şəkilçisini əlavə etdikdə bu sözdə mənaca və sintaktik funksiyaca dəyişiklik yaranmır: sinif rəhbəri – sinfin rəhbəri, ana vəsiyyəti – ananın vəsiyyəti və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qəhrəmanlıq dastanları

Süjet xəttinin əsasını qəhrə­man­ların igidliyi və göstərdiyi şücaətlər təşkil edən xalq dastanları.

Qəhrəmanlıq dastanları ədəbiyyatımızda ən qədim dastan növüdür. “Kitabi-Dədə Qorqud” ana dilimizdə yaranmış ən qədim qəhrəmanlıq dastanları hesab edilir. “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Səttarxan”, “Qatır Məmməd” dastanları da qəhrəmanlıq dastanlarıdır. Bu dastanlarda xalqımızın azadlıq mübarizəsi ifadə olunub. “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanı həcmcə ən böyük qəhrəmanlıq dastanlarıdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qəzəli-müstəzad

Qəzəl janrında yazılmış şeirin beytlərində hər misraya bir qısa misranın (müstəzad misra) əlavə edil­məsi.

Nümunə:

Zahid, bu fəna mülkdə dövran sənin olsun,

verdim sənə yeksər.

Zöhdü vərəvü taətü iman sənin olsun,

məcmuyi sərasər...

Bixud ki məlamətlərə xəlq içrə boyandı,

yatmışdı, oyandı,

Get, dəhrdə, zahid, sərü-saman sənin olsun,

əl çək dəxi, kafər. (Molla ağa Bixud)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qıfılbәnd

Aşıq deyişməlәri zamanı söylənilən tapmaca məz­munlu şeir; bağlama.

Bu zaman deyilən şeirlər məzmun, qa­fiyə, hətta rədif baxımından eyni olmalıdır. Forma baxı­mından, әsasәn, qoşma janrında olur. Aşıqlardan biri sual ifadə edən bir bənd deyir, digər aşıq şeirin formasını saxla­maqla həmin suala cavab verir. Qıfılbənd aşıqdan poetik iste­dadla yanaşı, bilik və məntiq tələb edir. Aşıqlar bir-birinin fəhmini, istedadını yoxlamaq üçün qıfılbənddən istifadə edir­lər; məs.:

Aşıq Ələsgər:
Məğrurluq eyləyib ustadam deyən,
O hansı ağacdı, tağı yeddidi?
O ağacda bir quş yuva salıbdı,
Çarpaz sinəsinin dağı yeddidi.

Aşıq Bəhrəm:
Ustadam deyənlər məğrur olmasın,
Cəsəd damarının səri yeddidi.
Sinə yuvasında məskən salıbdı,
Ürək bir quş olsa, pəri yeddidi.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qitә

ər. – parça, hissə

Klassik Azərbaycan poeziyasında ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmunlu lirik janr.

Qafiyə quruluşu qəzəlqəsidəyə oxşasa da, ilk beytə görə fərqlənir. Qitədə ilk beytin misraları qafiyələnmir, bütün beytlərin ikinci misraları qafiyələnir: a.b, c.b, ç.b, d.b, ... Qitənin sonunda şair adını, təxəllüsünü işlətmir. Ədəbiyyatımızda Q.Bürhanəddin, İ.Nəsimi, S.Ə.Şirvani qitənin gözəl nümunələrini yaradıblar. M.Füzulinin “Padşahi-mülk...”, “Müəllim”  qitələri ədəbiy­ya­tımızda məşhurdur; məs.:

 Ey müəllim, aləti-təzvirdir əşarə elm, 

Qılma əhli-məkrə təlimi-məarif, zinhar.

Hiylə üçün elm təlimin qılan müfsidlərə,

Qətli-am üçün verir cəlladə tiği-abidar.        

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti