Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

erotika

yun. eros – sevgi, ehtiras

1. Anakreontik poeziyada məhəbbət şeirləri və mahnıları.

2. Cinsi duyğular və onlara bağlı olan hislər oyadan çılpaq qadın və ya kişi təsvirləri.

Bu termin qədim yunan mifologiyasında eşq ilahı Erotun adından yaranıb. Ədəbiyyatda və təsviri sənətdə E.-nın pornoqrafiyadan fərqi mübahisələr doğurur. Dar mənada E. seksuallığın psixoloji aspektləri, onların ədəbiyyat və incəsənətdə təzahürü kimi başa düşülür.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

esxatoloji miflər

yun. esxaton – sonuncu + logos – söz

Dünyanın axırı haqqında əsatirlər.

Kosmoqonik miflər kimi E.M. də xaos və kosmos qüvvələrinin qarşıdurması ilə bağlıdır. Onların bəzilərində dünyanın gələcəkdə baş verəcək sonu (apokalipsis) təsvir edilir, digərlərində belə hadisələrin artıq keçmişdə yer aldığından və mifik dünya ilə müasir dünya arasında fəlakətlər dövrünün olduğundan xəbər verilir. Müxtəlif əsatirlərdə dünyanın məhv olmasının səbəbi kimi dünya daşqını, dünya yanğını, əvvəlki nəsillərin məhv edilməsi, ilahların həlak olması və s. göstərilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

evfuizm

yun. euphues – zərif

Məcazlarla ifrat dərəcədə zəngin olan ibarəli, qəliz nitq.

Bu termin ədəbiyyatşünaslığa ingilis ədəbiyyatı ilə bağlı gəlib. Euphues ingilis yazıçısı Con Lilinin “Zəkalı nitqin anatomiyası” (1578) və “Euphues və onun İngiltərəsi” (1580) romanlarının qəhrəmanıdır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

evristika

lat. evrisko – açmaq, tapmaq

Mətnşünaslığın sahələrindən biri: əsərdəki müəyyən məqamlarla müəllifin şəxsiyyəti arasındakı əlaqəni aşkar və tədqiq edən sahə.

E. aşağıdakı sahələr üzrə araşdırmaları nəzərdə tutur:

1) əsərin müəllifini müəyyənləşdirmək,

2) məktubun kimə yazıldığını və ya əsərin kimə ithaf olunduğunu aydınlaşdırmaq,

3) əsərin və ya onun söykəndiyi məxəzin zaman və məkanını müəyyən etmək,

4) əsər qəhrəmanının prototipini və onun müəlliflə əlaqəsini müəyyənləşdirmək və s.

E.-da tarixi və ədəbi məxəzşünaslığın bir çox üsul və vasitələrindən istifadə olunur. Tədqiqatçı çox zaman bu məqamları aydınlaşdırmaq və dəqiqləşdirmək üçün onun qaralama yazılarında əlindəki mətnə daxil olmamış əlavə qeydlər axtarır, müəllifin həyatını daha dərindən araşdırır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

eydirmə

Maldarlıqla bağlı əmək nəğmələri; heyvanlara aid edilən oxşama və ya nazlama.

Əsasən, bayatı formasında olur. Adətən, sağıcılar inək, camış və s. heyvanları bəsləyərkən, onları sağarkən E. söyləyirdilər; məsələn:

Nəğmə deyim həmişə,

Sən də yollan örüşə.

Otlağında gül bitsin,

Axurunda bənövşə.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

eydiyyə

ər. eyd – bayram

Osmanlı ədəbiyyatına aid qəsidə növü: bayram günlərində hökmdarları və başqa böyük şəxsləri tərif edən şeir.

Məşhur türk şairi Nədimin Damad İbrahim paşaya həsr etdiyi “Səbahi-eyd üfiqdə yenə hədid oldu, İzari-şahidi-bəxti-cahan səid oldu” mətləli şeiri buna misal göstərmək olar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti