Reklam
Reklam

Məsəllər, deyimlər

XOŞBƏXT ULDUZ ALTINDA DOĞULMAQ

►Həyatda uğur və xoşbəxtliyə sahib olmaq; bəxti gətirmək, şanslı olmaq.

İfadə qədimdə insanların ulduzların düzülüşü ilə öz taleləri arasında bir oxşarlığın olması haqqında mistik təsəvvürlərindən yaranmışdır.

İnsanlar hələ qədimdən Günəş və digər göy cisimlərinin sirlərini açmağa çalışmışlar. O vaxtdan münəccimlər deyirdilər ki, insanın taleyi hansı ulduz altında doğulmasından asılıdır. Onlar dünyada baş verəcək hadisələr və ayrı-ayrı insanların talelərini göstərən qoroskoplar tərtib edir, xoşbəxt hesab olunan ulduzların xoş düzülüşünü müəyyənləşdirirdilər. Bu zaman onlar ulduzların bəzilərinə «xoşbəxt» deyirdilər, bəzilərinə isə yox.

Xoşbəxt ulduz altında doğulan insanı xoşbəxt həyat və bütün işlərində uğur gözləyirdi. Həmişə bəxti gətirən insanlara aid edilən «xoşbəxt ulduz altında doğulmaq» ifadəsi belə yaranmışdır. Ulduzlarla bağlı olan digər ifadələr də mövcuddur: «onun ulduzu parladı» (yaxud söndü), yəni onun uğuru başladı (yaxud başa çatdı), «Napoleon öz ulduzuna möhkəm inanırdı», yəni öz gələcəyinin parlaq olacağını düşünürdü.

Bu gün ağlı başında olan hər kəs belə şeylərə inanmasa da, «o, xoşbəxt ulduz altında doğulub» cümləsinin nəyi ifadə etdiyini hamı aydın başa düşür.

Məsəllər, deyimlər