Reklam
Reklam

Məsəllər, deyimlər

KƏSƏK OTURUB DAŞIN GÜNÜNƏ AĞLAYIR

►Öz halından xəbərsiz olub başqalarının dərdinə ağlayan, süni canıyananlıq edən adamlar haqqında kinayə ilə işlədilən ifadə.

İfadə xalq arasında yayılmış aşağıdakı əhvalatdan götürülüb.

Bu alleqorik əhvalatda nəql olunur ki, bir ağac yaxınlığında xeyli məyus görünən kəsək parçasından soruşur:

− Qaşqabağını sallayaraq belə qəmgin olmağının səbəbi nədir?

Kəsək kövrələ-kövrələ deyir:

− Məgər göyün üzünü qara buludlar aldığını görmürsən! Bir azdan yağış yağacaq, onun damcıları yanımdakı bu yazıq daşı ovub dağıdacaq, sonra isə sel gələrək onu parçalayıb özü ilə aparacaq.

Kəsək bu sözləri deyərək hönkür-hönkür ağlamağa başlayır.

Ağac kəsəyin sözlərinə təəccüb edib soruşur:

− Ay kəsək qardaş, sənə heç yağış dəyməmiş diş-diş olaraq ovulub tökülürsən, yağış yağarsa, heç sənin özündən bir əlamət qalmayacaq. Sən isə oturub o möhkəm daşın dərdinə ağlayırsan! Öz dərdinə qalsan, daha yaxşı olmazmı?

Məsəllər, deyimlər