►Ümumi rəqibə qarşı eyni mövqedən və ortaq maraqlardan çıxış edən fərdlərin və ya qrupların birgə davranışını səciyyələndirmək üçün işlədilən ifadə.
İfadənin təxminən XVI–XVII əsrlərdə Avropa dövlətlərinin Şərq ölkələrinə qarşı apardığı işğalçılıq müharibələri zamanı meydana gəldiyi ehtimal olunur.
Bu ifadəyə yaxın deyim hələ «Manu qanunları» adlanan qədim hind traktatında mövcud olmuşdur. Həmin «Qanun»un VII fəslinin 158-ci maddəsində belə deyilir: «Düşmənin ona düşmən olan yaxın qonşusunu və həmin qonşunun dostlarını öz dostun hesab edə bilərsən». Yəni sənin düşməninin düşməni nəticə etibarilə sənin dostundur. Qeyd edək ki, bu siyasət, ümumiyyətlə, özünü doğrultmuşdur. Yəni bir düşmən dövlətə qarşı vuruşan hər hansı dövlət həmin ölkəyə düşmən münasibət bəsləyən hökmdarlarla ittifaqa girir və beləliklə, rəqibini zəiflətməyə çalışırdı. Orta əsrlərin məşhur hökmdarı Şirvanşah I İbrahimin (...–1417) xarici siyasətdə «düşmənimin düşməni mənim dostumdur» prinsipi ilə davrandığı tarixçilərə məlumdur.
Müasir dövrdə də bu deyim öz aktuallığını saxlayır. Yəni bir sıra ölkələr hər hansı güclü dövlətdən gələn təhlükəni zərərsizləşdirmək üçün həmin dövlətə qarşı olan ölkələrlə ittifaq qurmağa, yaxud eyni mövqedə olan ölkələrlə bir koalisiyada təmsil olunmağa çalışır.
Məsəllər, deyimlər