Reklam
Reklam

Məsəllər, deyimlər

DANIŞMAQ GÜMÜŞDÜRSƏ, SUSMAQ QIZILDIR

►Gözəl danışıq nə qədər xoş görünsə də, dinləməyin, susmağı bacarmağın daha məqbul olduğunu bildirən ifadə.

İfadə birbaşa Molla Nəsrəddinlə bağlı lətifədən qaynaqlanmışdır.

Bir gün Molla bazarda tutuquşu satana rast gəlir. Ondan tutuquşunun əlli manata olduğunu öyrənir. Evə qayıdıb hindtoyuğunu tutur və bazara satmağa aparır. Soruşurlar:

– Molla, hindtoyuğunu neçəyə deyirsən?

Deyir:

– Beş yüz manata.

Deyirlər:

– Ay Molla, hindtoyuğu da beş yüz manata olar?

Molla tutuquşunu göstərib deyir:

– O boyda quşu əlli manata satır, heç bir söz demirsiniz. Mən qoyun boyda hindtoyuğunu beş yüz manata deyirəm, hələ bir məni danlayırsınız da… Mənim hindtoyuğum ondan azı bir otuz dəfə böyük olar, ya yox?

Deyirlər ki, o, tutuquşudur, adam kimi danışa bilir. Molla səhv etdiyini anlasa da, özünü o yerə qoymayıb deyir:

– Nə olsun? O danışır, bu da susur. Danışmaq gümüşdürsə, susmaq qızıldır.

Məsəllər, deyimlər