►Baş tutmuş hər hansı istək və niyyətin keçici deyil, uzunmüddətli olacağına dərin inamı göstərmək məqsədilə işlədilən ifadə.
İfadə Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə (1884–1955) tərəfindən parlamentin ilk iclasında səslənmişdir.
Bütün Şərq-müsəlman aləmində ilk demoktatik dövlət kimi meydana çıxmış Azərbaycan Cümhuriyyəti tarixin keşməkeşli dövründə iki ilə yaxın ömür sürmüşdür. Bu müddətdə bir sıra demokratik təsisatlar qurulmuş, o cümlədən ölkədəki bütün partiyaların təmsil olunduğu parlament – Məclisi-Məbusan fəaliyyət göstərmişdir.
Parlamentin ilk iclasının keçirildiyi gün (7 dekabr 1918-ci il) paytaxtda böyük bir təntənə və ruh yüksəkliyi hökm sürürdü, məclisin toplaşdığı bina başdan-başa milli bayraqlarla bəzədilmişdi.
Milli Şuranın sədri M.Ə.Rəsulzadə parlamentin açılışında parlaq nitq söyləmişdir. Üzeyir Hacıbəyli bu münasibətlə «Azərbaycan» qəzetində yazdığı «Təəssürat» məqaləsində (9 dekabr 1918, №60) göstərir ki, Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: «Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə – bu bayraq endirilməz!» – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu».
Cümhuriyyət banisi göstərilən ifadəni tam şəkildə və inamla Azərbaycanın müstəqilliyi Paris sülh konfransında tanındıqdan sonra parlamentin bu münasibətlə 1920-ci ilin 14 yanvarında keçirilən xüsusi iclasındakı çıxışında səsləndirmişdir. M.Ə.Rəsulzadə bu məşhur ifadəni cümhuriyyətin süqutundan sonrakı yazı və nitqlərində, o cümlədən 1953-cü ildə «Amerikanın səsi» radiosu ilə çıxışında da səsləndirmişdir. Həmin məşhur çıxışda deyilir:
– Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: «Bir kərə yüksələn bayraq bir daha enməz!»
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən (18 oktyabr 1991) və cəmiyyətdə istiqlal düşüncəsi dərinləşdikdən sonra bu ifadə daha geniş yayılmışdır.
Məsəllər, deyimlər