1. Şiş tərəfi ilə bir yerə sancılmaq, girmək, soxulmaq (ucu iti şeylər haqqında). □ Ayağıma mıx batdı. Barmağıma iynə batdı. Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. (Atalar sözü).
2. Məcazi mənada: batan kimi, girən kimi hiss olunmaq; sancmaq. □ Gözümə elə bil bir şey batır. Qulağıma sanki bir şey batıb.
3. Suyun dibinə dalmaq, cummaq, düşmək; qərq olmaq, suda boğulmaq. □ Dalğıc suya batıb gözdən itdi. Suda batmaq. Dənizdə batan saman çöpündən yapışar. (Atalar sözü).
4. Yapışan, özlü, qəliz, qatı bir şeyin içinə girib çıxmamaq. □ Araba getmədi əsla qabağa; Deyəsən batmış idi bir batağa. (A.Səhhət). Eşşək eşşəkliyi ilə palçığa bir dəfə batar. (Atalar sözü).
5. Məcazi mənada: bir şeyin həddindən artıq çoxluğunu göstərir. □ İşin içində batmaq. Kağızların içində batmışam, çıxa bilmirəm. Borca batmaq.
6. Örtülmək, bir şeyin altında, yaxud arasında qalıb görünməmək, görünməz hala gəlmək, itmək. □ Xırda daxmalar meşənin içində batıb gedir.
7. Qürub etmək, gözdən itmək. □ Gün batdı.
8. Məhv olmaq, zay olmaq, puç olmaq, heçə çıxmaq, hədər getmək, yox olmaq, əldən çıxmaq, itmək. □ Bütün qoyduğum əmək batdı. Bütün günüm batdı. Onun bütün pulları batdı.
9. İflas etmək, müflis olmaq, heç bir şeyi qalmamaq.
10. Məcazi mənada: ölmək, qırılmaq, tələf olmaq, məhv olmaq. □ Bütün mal-qara batdı.
11. Yox olmaq, yerlə bir olmaq, məhv olmaq. □ Zəlzələdən bütün şəhər batdı.
12. Çökmək, çuxura düşmək. □ Ordları batmaq. Gözləri batmaq.
13. Əsəri, izi, nişanəsi qalmamaq, yox olub getmək. □ Adı batmaq. İzi batmaq.
14. Bulaşmaq, bulanmaq. □ Palçığa batmaq. Kağız mürəkkəbə batıbdır.
15. Başdan-başa örtülmək, basmaq. □ Cütçü batıb qan-tərə, yer şumlayır; Şumladığı torpaqları tumlayır. (M.Ə.Sabir).
16. Tutulmaq. □ Səsi batmaq. Qulağı batmaq.
17. Qalib gəlmək, üstün gəlmək, gücü çatmaq. □ Hətta nikolaylara batan olubsa da, fazillərin sözünü danışmağa bir kimsə cürət eləməyib. (C.Məmmədquluzadə).
18. Təsir etmək. □ Bu uşaqlara heç bir söz batmır.
Həmçinin bax:
Arxaizm. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (əsasən, 20 girvənkə ağırlığında) olan köhnə çəki ölçüsü. □ Min batman varın olunca, bir batman ağlın olsun. (Atalar sözü)
İncəsənət. Baletin xüsusi növü.
Həmçinin bax:
Arxaizm. Dövlətli, zəngin, varlı, bəy; böyük. □ Bay ilə yoxsul bənəm, yolçu ilə yol bənəm. (İ.Nəsimi)
Təəccüb, heyrət, çaşqınlıq və s. hissləri bildirir (bəzən təkrar şəklində işlənir). □ Bay! Sən hara, bura hara! Bay! Bu kimdir? Bay, haçan gəlmisən?
Azərbaycan dilinin izahlı lüğəti