Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏSƏNƏLİ ərəb.

mürəkkəb adların tərkibində işlənən Hasan Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İslam tarixində xüsusi yeri olan 2 məşhur şəxsiyyətin adından olan Həsənəli (bax: ad – HƏSƏN; ƏLİ) kişi adı gözəl, xeyirxah işlər sahibi Əli anlamını ifadə edir.

Adın təhrif olunmuş forması Həsənalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Adın daşıyıcılarından İrəvan xanlığının tarixində Həsənəli xan Ziyadlı Qacarın xanlıq dövrü 1783-1784-cü illərə təsadüf edir. Daha bir görkəmli şəxsiyyət – Həsənəli xan Qaradaği (1848-1929) Azərbaycanın görkəmli maarifpərvər ziyalısı, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi olmuşdur. Bəzi mənbələrdə soyadı Qaradağski kimi qeyd edilən maarifpərvər ziyalının şagirdləri arasında mədəniyyət tariximizdə nəşhur şəxslərdən olan Zülfüqar Hacıbəyov, Cəlil bəy Bağdadbəyovun adlarını çəkmək olar. Həsənəli xan təşkil etdiyi məşğələlərin əsas qayəsi uşaqları Qori Müəllimlər Seminariyasına hazırlamaq olmuşdu. 1881-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevskinin Tiflisə ana dilində dərslik tərtib etmək kimi bir məsələ ilə bağlı dəvət etdiyi azərbaycanlı ziyalılar arasında Həsənəli xan da var idi. Onun öz məktəbində dərs prosesində istifadə etdiyi şeir nümunələri tərtib olunacaq ilk əsaslı Azərbaycan dərsliyinə salınmalı idi. Beləliklə, 1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi nəşr edilən “Vətən dili” dərsliyində Həsənəli xan Qaradağskinin müəllifi olduğu on bir, tərcümə etdiyi iyirmi üç şeir özünə yer tapdı. Bu həmin “Vətən dili” dərsliyidir ki, qırx ilə yaxın bir dövrdə Azərbaycan məktəblərində əsas dərs vəsaiti olmuşdu.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏSƏNQULU ərəb.

mürəkkəb adların tərkibində işlənən Hasan və arxaikləşmiş Qulu adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Həsənqulu (bax: ad – HƏSƏN; QULU) kişi adı Həsənə qulluq edən,yaxın olan kimsə mənasındadır.

Adın daşıyıcılarından 1988-ci ildə başlayan Qarabağ müharibəsində Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Həsənqulu Qasımov (Həsən Qorxmaz) “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏSƏNXAN ərəb.

mürəkkəb adların tərkibində işlənən Həsən və azərb. arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Həsənxan (bax: ad – HƏSƏN; XAN) kişi adı Həsən xan anlamını ifadə edir.

Azərbaycanda Həsənxan adı ilə əlaqədar yer adları da məlumdur. Qax rayonunun Qaxbaş kəndinin yaxınlığında, Kürmükçay yatağının sağında inşa tarixi XIX əsrin ikinci yarısına aid edilən, tikintisində çaydaşı və əhəng məhlulundan istifadə edilən, bürclərdən və qala divarlarından ibarət Həsənxan qalası yerləşir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏVİL ərəb.

Habil (bax: ad – HABİL) kişi adının təhrif olunmuş biçimidir.

Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün Həvil kişi adı ilə yanaşı Həvilov, Həvilzadə, Həvilli soyadları da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti