ibrani. Habil (əslində Hebel) adındandır. Habil “Tövrat”da Havel kimi göstərilən adın ərəbcələşdirilmiş biçimidir. Dilimizə tərcümədə xəfif əsmə, nəsim, meh anlamındadır. Bəzi mənbələrdə hərfi tərcümədə kədər mənasında olduğu da qeyd edilmişdir.
Qədim dini əfsanələrdə (əsasən, “Tövrat”, “Quran” əfsanələrin- də) deyilir ki, dünyanın ilk insanlarından hesab edilən Adəm və Həvvanın Habil və Qabil adında iki oğlu olmuşdur. Böyük qardaş Qabil günün birində paxıllıqdan kiçik qardaşı Habili öldürmüşdür. Beləliklə də Habil bəşər tarixində ilk günahsız qurbanın adı hesab edilir. Bu adın ərəb dilində sehrbaz, əfsunçu, cadugər, həmçinin igid mənasını ifadə etdiyi barədə də fikirlər mövcuddur. XX əsrdə məişətimizdə geniş yayılmış Habil adı bu gün müşahidəediləcək dərəcədə azalmış kişi adlarındandır. Adın məşhur daşıyıcılarından biri də kamança alətində çox gözəl ifa edən, başqa sözlə, kaman ustası Habil Əliyevdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti