Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏSƏN ərəb.

hasan sözündən olub, dilimizdə gözəl, göyçək, yaxşı mənasındadır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Həsən ibn Əli ibn Əbu Talib Məhəmməd Peyğəmbərin nəvəsinin, Həzrət Əlinin böyük oğl- unun, şiələrin ikinci imamının adındandır. Keçən əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış kişi adları sırasındadır. İslam tarixçiləri və alimləri məzlumların köməkçisi kimi ad çıxaran Həzrət Həsənin şərəfli həyatı haqqında müəyyən məsələləri qeyd etmişlər ki, bu da heç bir rəhbərin həyatında gözə dəymir. Həsən bütün qüdrətini yaxşı və Allaha xoş gələn yollara sərf edər, Tanrı yolunda çoxlu miqdarda pul bəxşiş edərmiş. İmamın bu hərəkəti həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-nemətinə etinasızlığını da göstərir. Tarixdən məlum olan bu məlumatlar Şərqdə, türk dünyasında Həsən antroponiminə rəğbət yaratmışdır. Bir məsələni də qeyd etmək lazımdır ki, Həsən çox zaman türk mənşəli Əsən (bax: ad – ƏSƏN) şəxs adı ilə eyniləşdirilir. Əslində bu, XII əsrdə Qarabağın dağlıq hissəsində Xaçın hakiminin-Həsən Cəlalın adının yanlış olaraq rus dilinə Qasan, Xasan, sonradan da rus dilindən Azərbaycan dilinə tərcümədə səhvən Həsən kimi yazılması nəticəsində baş vermişdir. Halbuki tarixçilərin iddiasına görə,İslamın qatı əleyhdarı olan albanlarda Həsən adı ola bilməzdi. Həsənov, Həsənli, Həzənzadə soyadları da Azərbaycanda çox yayılmış soyadlar sırasındadır. Azərbaycan antroponimikasında Həsən kişi adı ilə yanaşı, tərkibində adın iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adları mövcuddur. Həsən adı ilə əlaqədar Azərbaycan ərazisində kifayət qədər toponim də məlumdur. Məsələn, Həsənqaya, Həsənqoca, Həsənlər və b. Adın məşhur daşıyıcılarından XIX əsrdə ölkəmizdə maarifçilik ideyalarının başçısı, ziyalı, görkəmli təbiətşünas alim, Həsən bəy Zərdabi (1842-1907) çox böyük çətinliklərə baxmayaraq, əzmi, iradəsi sayəsində 1875-ci il iyun ayının 22-də Azərbaycanın ilk milli qəzeti “Əkinçi”nin ilk sayını nəşr etdirmişdir. Rusiya imperiyasında yaşayan bütün türk-müsəlman əhalisinin ilk mətbuat orqanı olan, mədəniyyətimizin və ədəbiyyatımızın inkişafına böyük təsir göstərən qəzetin nəşrə başlaması ilə ölkənin mədəni-siyasi həyatında mühüm canlanma yaranmış, demokratik ideyalar daha sürətlə yayılmağa başlamışdı.

Azərbaycan şəxs adlarının izahlı lüğəti