Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EL azərb.

el sözü camaat, tayfa, yaşayış yeri və s. anlamları ifadə edir. Qədim zamanlardan dilimizdə el/il sözünün ifadə etdiyi mənalar bu gün də qüvvəsini saxlamışdır. Bunlar, əsasən, xalq, camaat, insanlar, həmçinin dövlət, vilayət, ölkə mahal, bölgə, yer; tayfa, qəbilə, birlik və buna yaxın mənaları ifadə edir.

Türk antroponimik vahidlər sistemində el sözü müstəqil şəxs adı kimi mövcud olmasa da, komponent olaraq bir sıra mürəkkəb antroponimlərin əvvəlində, bəzilərinin isə sonunda işlənir. Məsələn, Eldar (bax: ad – ELDAR), Elsevər (bax: ad – ELSEVƏR), Elyar (bax: ad – ELYAR), Türkel (bax: ad – TÜRKEL), Günel (bax: ad – GÜNEL) və s. Qədim türk dillərində el/il sözü müasir dilimizdəki “el”, “ulus”, “xalq” mənasından savayı, həm də “il”, “ilik” sözləri ilə ifadə edilirdi və rəhbər, başçı, hökmdar demək idi. Türkiyə türklərinin məişətində bir sıra mürəkkəb şəxs adlarının tərkibində həm el, həm də il kimi işlənir. Məlum olduğu kimi, Türkiyədə el sözünün bir mənası da yad, özgə oğlu, başqa, başqası, kənardır. Lakin Azərbaycan antroponimikasında bu sıradan olan şəxs adlarındakı el sözü bu məna ilə əlaqədar deyildir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELBAXIŞ azərb.

mürəkkəb adların tərkibində işlənən el sözü və Baxıç adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elbaxış (bax: ad – EL; BAXIŞ) kişi elin (yəni bir cəmiyyətdə yaşadığın kəslərin) baxışı, elin (nəyə isə) münasibəti, nəzəri, baxma tərzi anamlarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELBƏYİ azərb.

mürəkkəb adların tərkibində işlənən el sözü və arxaikləşmiş bay titulunun birləşməsindən yaranmış addır. Azərbaycan antroponimikasında qədim şəxs adları sırasında olan Elbəy (bax: ad – EL; BƏY) kişi adı eli, obanı idarə edən (şəxs), ölkə başçısı, tayfa rəhbəri anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Elbəy də sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELÇİBƏY türk.

Elçi adı və mürəkkəb adların yaranmasında iştirak edən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elçibəy (bax: ELÇİ; BƏY) kişi adı ali, uca, hörmətli yerdən olan elçi anlamını ifadə edir. Bir də hökmdar, hakim mənası vardır.

Şərqşünas-alim, dövlət xadimi, siyasi xadim, tarix elmləri namizədi Əbülfəz Əliyevin (1938-2000) təxəllüsündən yaranmış kişi adıdır. Əbülfəz Elçibəy tələbəlik illərindən Azərbaycanın müstəqilliyi uğrunda Sovet imperiyasına qarşı barışmaz mübarizə aparmışdır. Azərbaycan Xalq Cəbhəsi adlı siyasi təşkilatın sədri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti (1992-1993) seçilmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti