►Qeyri-müəyyənliyi, qarışıqlıqda olan adamların sayının dəqiq olmadığını bildirən və adətən, mәnfi mәnada işlәdilən ifadə.
İfadə xalq arasında yayılmış bir lətifədən qaynaqlanmışdır.
Həmin lətifədə deyilir ki, bir neçә dəfə әrә getmiş arvaddan oğlu soruşur ki, ana, әrlәrin kimlәr olub? Anası cavabında deyir:
– İsa, Musa, Mustafa; bir dә Mәhәmmәdsәfa. Әli, Vәli, Pirvәli, üçü dә ondan irəli. Pambıq atan, qoz satan, bir rәhmәtlik atan, bir dә bu köndәlәn yatan.
Pambıq atan peşәsi olduqca asan, heç bir xüsusi hazırlıq tәlәb etmәyәn peşәlәrdәn sayılır. Başqa sözlə, әlindәn heç bir iş gәlmәyәn hәr kәs pambıq atmaqla mәşğul ola bilәr. Pambıq atmaq üçün xüsusi tәrzdә düzәldilmiş alәtdәn istifadә edilir ki, hәmin alәt bu işi daha da yüngülləşdirir vә asanlaşdırır. Bu iş o qәdər asandır ki, hətta yuxuda da xüsusi tərzdə xorultu ilə nәfәs almaq dilimizdə «pambıq atmaq» kimi sәciyyәlәndirilir.
Məsəllər, deyimlər►Layiq olmadığı halda özünü əsilzadə, varlı, imkanlı kimi göstərən, imtiyazlı təbəqəyə aid olduğunu iddia edən şəxslər haqqında istehza ilə işlədilən ifadə.
İfadə XIX əsrin ortalarından Azərbaycanda pambıq əkini başladıqdan sonra yaranaraq yayılmışdır.
1864-cü ildә ABŞ-da vətəndaş müharibәsi başladıqdan sonra Amerikadan Rusiyaya pambıq ixracatı azalır. Çıxılmaz vəziyyətdә qalan Rusiya imperiyası bəzi yerlərdə, o cümlədən Azәrbaycanda pambıq əkməyə mәcbur olur. Çarın bəzi iqtisadi güzәştlәri sayәsindә Azәrbaycanın pambıq istehsalı ilә mәşğul olan bir sıra kәndliləri (əsasәn, mülkәdarlar) varlanır vә bәylik rütbәsi alırdılar.
Hәlә 1846-cı ilin dekabrında I Nikolayın yazılı fәrmanı elan olunmuşdu ki, müsəlman əsilzadəlәri (bәy, xan nәsillәri) də rus dvoryanları ilə eyni hüquqa malikdir. Bu qәrara әsasәn birinci vә ikinci rus-İran müharibәlәri dövründә bəylərin, xanların әllәrindәn alınmış imtiyazları bərpa olunmağa başlayır. Qәrardan istifadә edәn bəzi varlılar yerli hakimlərə rüşvət verməklə özlərinə bәylik rütbәsi alırdılar. O dövrdә pambıq işi ilə məşğul olanların gәliri çox olduğundan bәylik rütbəsini, әsasәn, onlar ala bilirdilәr. İfadәnin istehzalı çaları da buradan yaranmışdır.
1866-cı ildә Tiflis, Bakı, İrəvan vә Şuşada ayrıca «bәylik» komissiyaları tәsis olunur. Bunlar «ali müsәlman silki» nümayәndәlәrini müәyyәnləşdirməyə başlayır. Bu prosesdə bəy-xan silkinin nümayәndәlәri içәrisindә bir canlanma yaranır, ad almaq uğrunda yarış gedir. Özündәnbәylәr, yalançı bәylәr çoxalmağa başlayır. Bunlar o şәxslәr idi ki, müxtәlif qanunsuz yollarla – rüşvәt vә tanışlıqla «ali silkə» düşmәyә çalışır vә çox vaxt da buna nail olurdular.
Məsəllər, deyimlər►Bütün fəlakət, qarma-qarışıqlıq, dağıntı və bədbəxtliklərə səbəb olan bir şey haqqında işlədilən ifadə.
İfadə qədim yunan mifologiyasından qaynaqlanır.
Miflərə görə, Prometey Olimp dağından ilahların odunu oğurlayıb insanlara verdiyinə görə Zevs onu bərk cəzalandırdı, amma artıq gec idi. Oda sahiblənmiş insanlar artıq səma qüvvələrinə tabe olmadılar, müxtəlif elmlərə yiyələndilər, bir çox fəlakət və bədliklərdən qurtuldular. Bir az da keçsə, onlar tamamilə xoşbəxt olacaqdılar...
Zevs ilahlardan üz döndərmiş insanlara bədlik və lənət göndərməyə qərar verir. Dəmirçi Hefest torpaq və sudan gözəl qadın Pandoranı yaratdı. Digər ilahlar isə ona müxtəlif xüsusiyyətlər verdilər: kimi hiyləgərlik, kimi cəsarət, kimi də qeyri-adi gözəllik. Sonra Zevs Pandoraya sirli bir qutu verib Yerə göndərdi, amma qutunun ağzını açmağı qadağan etdi. Pandoranı maraq boğurdu ki, görəsən, qutunun içində nə var. Ona görə də Yerə çatan kimi o, qutunun ağzını aralayıb baxmaq istədi. Elə həmin anda bütün insan bədbəxtlikləri qutudan çıxıb dünyanın hər tərəfinə yayıldı. Pandora qorxudan qutunun ağzını bağlamağa çalışdı, amma artıq gec idi: bütün bədbəxtliklər çıxıb yayılmış, qutuda ancaq yalançı ümid qalmışdı.
Hazırda insanlar ehtiyatsızlıqdan meydana gələn bütün fəlakət və bədbəxtlikləri «Pandora qutusu» ilə əlaqələndirməyə, hər şeyin səbəbini onunla izah etməyə çalışırlar.
Məsəllər, deyimlər►Qəflətən bir şeydən qorxmaq, kütləvi vahimə hissi yaşamaq, hədsiz həyəcanlanaraq təşviş içərisində qeyri-iradi hərəkətlər etmək.
İfadə qədim yunan mifologiyasındakı meşə ilahı Panın adından qaynaqlanır.
Meşələr tanrısı və meşə sahələrinin, çobanların və xırdabuynuzlu mal-qaranın qoruyucusu olan Pan rəvayətlərdə yarıinsan, yarıheyvan şəklində uzunsaqqallı, buynuzlu və keçidırnaqlı təsvir edilir. Onun bu görünüşündən hətta öz anası belə dəhşətə gəlirmiş. Pan ilahının hər bir hərəkəti ətrafdakılarda qorxu, vahimə və çaxnaşma yaradırmış.
Mifologiyada Pan haqqında həm də mehriban və şən tanrı kimi bəhs edilir. O, fleytanı yaratmış, balıqqulağında musiqi çalmağı öyrənmişdi. Amma Panın gur və qorxulu səsi insanlarda qəfil və qeyri-iradi dəhşət hissi yaradırdı, onun köməyi ilə tanrılar Titanların öhdəsindən gəlmiş, yunanlar isə Marafonda qələbə qazanmışlar.
Pan yatanda təbiətə sakitlik və rahatlıq çökürdü, yuxudan ayılanda isə meşə lərzəyə gəlirdi. Hər yerdə səs-küy, qəhqəhə, dəhşətli səslər, o cümlədən ətrafda vahimə yaradan fit səsləri eşidilirdi. Bu səsi eşidən kimi insanlar qorxu içində həmin ərazidən qaçırdılar. İndi işlədilən «panika» sözü də məhz buradan yaranmışdır.
Məsəllər, deyimlər►Kiminsə qarşısında əskilmək, əyilmək, etimadı doğrultmamaq, özünü biabır etmək, yanlış davranışa yol vermək.
İfadə keçmiş əyyamlarda salamlaşarkən papağı başdan götürərək təzim etmək adəti ilə bağlı yaranmışdır.
Hələ qədimdən Şərq ölkələrində kişilər salamlaşarkən papaqlarını, çalma və digər baş örtüklərini çıxarmalı idilər. Xüsusən aşağı silkin nümayəndələri imtiyazlı adamlarla görüşəndə, məsələn, kəndlilər asılı olduqları mülkədarlarla rastlaşanda diqqətli olmalı idilər. Bu səbəbdən də kəndlilər mülkədarı görəndə papaqlarını çıxarır, ona uzun müddət baş əyir, papağı əllərində yellədir, onu başlarına qoymağa tələsmirdilər.
Hər hansı səbəbdən ağanın yanında papağı çıxarıb təzim etməmək qəbahət sayılırdı və bəzən buna görə kəndlini cəzalandırırdılar. Ona görə də kəndlilər ayıq-sayıq olur, mülkədarı görən kimi əllərini papağa atırdılar.
Kəndlilərin mülkədar qarşısında «papaq çıxartdığı» zamanlar çoxdan keçsə də, ifadə qalmış, əvvəlcə məcazi mənada «kiminsə qarşısında əskilmək, əyilmək» mənasını verməyə başlamış, sonralar isə həm də etimadı doğrultmamaq, yanlış hərəkətə yol vermək və s. mənalarda işlədilmişdir.
Məsəllər, deyimlər►Çoxmillәtli dövlәtlәrdә müxtәlif xalqlar arasına milli әdavәt salmaq vә bunu qızışdırmaq yolu ilә һakimiyyәti idarә etmək üsulu.
İfadənin Makedoniyalı İsgәndәrin atası Filippin (e.ә. 359–336) dilindәn çıxaraq yayıldığı ehtimal edilir.
Bu fikir Qәdim Roma senatının rәhbər prinsipi olmuşdur. Tarixin müxtəlif mərhələlərində ölkənin qüdrətini saxlamaq üçün hökmdarlar bu tövsiyəyə əməl etməyə çalışmışlar.
İfadә bәzәn bir termintək latın dilində olduğu kimi – «Divide et impera» şәklindә yazılır və deyilir. Müstəmləkəçiliyin geniş vüsət aldığı XIX–XX əsrlərdə bu ifadə yerlərdə hakimiyyəti sabit saxlamağa çalışan imperiya ölkələrinin siyasətinin əsas prinsipinə çevrilmişdir.
Siyasi әdәbiyyatda geniş işlәnәn bu ifadә bәdii dilimizә dә keçmişdir. Publisistik yazılarda da bu ifadəyə tez-tez rast gəlinir. Tarixçilər XX əsrin əvvəllərində Rusiya çarının Qafqaz siyasətində bu taktikanın önəmli yer tutduğunu qeyd etmişlər.
Dilimizdə bu ifadə bәzәn «nifaq sal vә hökm sür» şәklindә də işlədilir.
Məsəllər, deyimlər►Hər hansı məsələdə sonuncu və həlledici zərbəni bildirən ifadə.
İfadə Parfiya ordusunun yüngül silahlı süvarilərinin tətbiq etdiyi döyüş taktikası ilə bağlı yaranmışdır.
Fars imperiyasının Makedoniyalı İsgəndər tərəfindən işğal olunmasından bir əsr sonra – təxminən e.ə. 250-ci ildə ölkənin şərq vilayətləri bu bölgəni idarə edən Selevki çarlarına qarşı üsyan etdilər. Bu prosesdə Xəzər dənizinin cənub-şərqində yerləşən Parfiya dövləti yaranıb güclənməyə başladı.
Bir əsr sonra Roma Şərqə doğru yürüş etdi və tezliklə Kiçik Asiya ilə Suriyanı tutdu. Makedoniyanın Asiyada hakimiyyətinə son qoyuldu və indi iki yeni qüvvə – Roma ilə Parfiya qarşı-qarşıya qaldı. E.ə. 53-cü ildə var-dövləti ilə ad çıxarmış sərkərdə Krass öz ordusunu Parfiyaya gətirdi.
Romalıların əsas zərbə gücü piyada qoşunu idi, amma parfiyalıların da öz hərbi sirləri vardı. Həmin dövrdə normal üzəngilər olmasa da, Babilistandan şərqdə olan ərazilər peşəkar süvarilərlə məşhur idi və Parfiya da bu süvarilərdən bəhrələnirdi. Onlar düşmən sıralarına sürətlə həmlə edib onları ox atəşinə tutur, tez də geri qayıdırdılar. Roma legionları onların arxasınca gəldikdə isə süvarilər yəhərin üzərindən yüngülcə qalxır, geri dönür və sonuncu ox ehtiyatı ilə düz hədəfə vururdular. Bu, geri çəkilənlərin atdığı sonuncu «Parfiya oxu» adlanırdı. Məhz həmin oxların sayəsində Krass ordusu darmadağın edilmişdi. Ona görə də romalılar Parfiya oxunu əbədi olaraq yadda saxlayıblar.
Məsəllər, deyimlər►Hansısa arzuedilməz vəziyyətin nəticələrini onları yaradan səbəblərin vasitəsilə aradan qaldırmaq.
İfadə iri odun parçalarını və ya düyünlü kötükləri yararkən qarşıya çıxan çətinlikləri dəf etmək üsulu ilə bağlı yaranmışdır.
Bəzən iri və bərk odunu yarmaq (bölmək) üçün açılmış yarığa balta ilə paz çalıb onun köməyi sayəsində ağacı parçalayırlar. Həmin paz düyünlü odunun içində ilişib qaldıqda isə onun özünü çıxarmaq üçün daha böyük və bərk (bəzən də dəmir) pazdan istifadə edir, beləliklə, pazı pazla çıxarırlar.
Bu ifadə ilə bağlı məlum atalar sözünün yaranması da qədim zamanlara gedib çıxır. Hazırda mürəkkəb bir vəziyyətin yaranmasına səbəb «paz» olduqda bu ifadədən istifadə edilir.
Məsəllər, deyimlər►Diplomatik dildə arzu olunan, qəbul edilən şəxs haqqında işlədilən ifadə.
İfadə diplomatik münasibətlərin tənzimlənməsi ilə bağlı yaranmışdır.
Əvvəllər diplomatiyada bir termin kimi işlənən «persona qrata» (lat. persona – sima + qrata – arzuedilən) son illərdə ümumişlək ifadə kimi geniş yayılıb.
Artıq hamının hörmət etdiyi, üzdə olan, hər zaman arzulanan insanları belə adlandırırlar. Bəzən bu ifadənin yanlış mənada izah edilməsi ilə də rastlaşırıq. Yəni latın sözü olan «grata»nı («böyük») almanca «gross», yaxud eyni mənanı verən fransız sözü «grand» ilə qarışdıranlar yanlış olaraq bu ifadəni «mühüm insan» kimi tərcümə etmişlər.
Diplomatlar, beynəlxalq hüquq mütəxəssisləri (onların ardınca da qəzetlər) əksmənalı termindən də istifadə edirlər: «persona non qrata», yəni «arzuolunmaz şəxs».
Məsəllər, deyimlər►Çox itkilər hesabına başa gələn, verilən qurbanları heç cür doğrultmayan, məğlubiyyətə bərabər, mənasız qələbəni bildirən ifadə.
İfadə tarixdə Romaya qarşı uzunmüddətli və səmərəsiz müharibə aparmış yunan çarı Pirrin adı ilə bağlıdır.
Qədim mənbələrdə deyilir ki, Yunanıstanda Epir adlı vilayət varmış. Həmin vilayətin Pirr adlı çarı e.ə. 280-ci ildə Roma ilə uzunmüddətli və amansız müharibəyə başlayır. O, ordusundakı döyüş fillərinin hesabına romalıları iki dəfə məğlub edə bilir. Amma ikinci qələbə Pirrə elə çox qurban bahasına başa gəlmişdi ki, rəvayətə görə, qələbədən sonra çar qışqıraraq «bir də belə qələbə qazansaq, mən qoşunsuz qalacağam» demişdi. Doğrudan da, az sonra müharibə Pirrin məğlubiyyəti və İtaliyadan geri çəkilməsi ilə sona çatır.
İfadənin yaranmasına səbəb olan hadisələri tarixi məxəzlərlə yanaşı, qədim yunan filosofu və mütəfəkkiri Plutarx da geniş təsvir etmişdir.
Bizim günlərdə də birisi əhəmiyyətsiz, səmərəsi olmayan bir üstünlük üçün çoxlu güc və ya maliyyə sərf etdikdə bu ifadəni işlədirlər.
Məsəllər, deyimlər►Hoqqa çıxarmaq, bir işi, hadisәni bəzəyərək danışmaq, aldatmağa çalışmaq, nəyi isə şişirtmәk vә ya xüsusi məzə ilə tәqdim eləmәk; dolamaq, lağlağı etmək.
İfadə xalq məişətində kök salmış adətlə bağlı yaranmışdır.
Vaxtilə Qarabağ kәndlәrindә körpә uşaqları ovundurmaq, ağlayanda kiritmәk, anasından ötrü qışqıranda sakitlәşdirmәk üçün ağbircәk qarılar köhnə əsgi-üsgüdən pişik başı düzәldib rәngli sapla bәzәyir, onu oyuncaq kimi atıb-tutur, bu üsulla uşaqları ovutmağa çalışırdılar. Beləliklə, «pişik başı» bəzəkli bir oyuncaq kimi körpәlәrin təkcə kiriməsinə yox, həm də əylənərək sevinmələrinə səbəb olurdu.
Sonradan hər hansı hadisəni danışan adam onu dinləyənlərin diqqətini cəlb etmək üçün söhbətin gözünə əlavə çalarlar – gülməli epizodlar qatar, əhvalatı xeyli şirinləşirib ətrafdakıları əyləndirərdi. Bununla әlaqәdar söhbətlərində mәzәli, gülmәli danışıq qabiliyyәti göstərən adam haqqında «pişik başı bәzәyәn» epiteti işlәnirdi.
Sonralar bu deyim həm də kimisə aldadıb yalan danışmağı, lağlağı eləməyi, dolamağı ifadə etmişdir.
Məsəllər, deyimlər►Bir davranışın kökündə başqa səbəbin deyil, hədsiz sevginin, istək və qayğının dayandığını bildirmək məqsədilə işlədilən ifadə.
İfadə təbiətdə bəzi canlıların özünü və növünü yaşatmaq üçün etdiyi instinktiv davranışın yanlış anlaşılmasından qaynaqlanır.
Әslindә isә pişik heç dә valideynlik mәhәbbәtinin gücündәn balasını yemir, onu yaşatma imkanından mәhrum olduqda belə davranır. Elmdә bu hadisәyә «kannibalizm» deyilir. Elmi yanaşmaya görə, bir sıra canlılar (pişik, leylәk, bәzi yırtıcı quşlar, bәzi balıqlar) öz körpә balalarını bәsləyib-böyütmә imkanı olmadıqda onları yeyirlәr vә belәliklә, öz növlәrini qoruyub saxlaya bilirlər (yemәsә, hәm bala, hәm özü mәhv olar vә demәli, növ aradan çıxar). Bu hadisә növün sayını idarә etmәk mexanizminә daxildir.
Hadisәnin elmi mahiyyәtini düzgün başa düşmәyәnlәr belә güman etmişlər ki, pişik öz balasını çox istәdiyindən onu atıb gedә bilmir, düşmәn әlinә düşmәməsi üçün onu yeyir vә s. Bu yanlış tәsәvvürün izi isə haqqında danışdığımız ifadәdә qalmaqdadır.
Məsəllər, deyimlər►Bir işi zamanında görməyin, xüsusən tərbiyəni vaxtında verməyin vacibliyini bildirən ifadə.
İfadə xalq arasında geniş yayılmış bir rəvayətdən qaynaqlanır.
Rəvayətdə deyilir ki, iki dost eyni vaxtda iki bacı ilə evlənir. Bacılardan biri xoşxasiyyət, intizamlı, ərinə qulaq asan, onun sözünə əməl edən, o biri isə acıdil, dikbaş, ədəbsiz, əri ilə hesablaşmayan gəlin olur. İkinci qadının əri bir gün öz dostundan soruşur:
– Bəs necə oldu ki, bir yerdə tərbiyə alıb böyümüş bu qızlardan biri belə ədəbli, o biri isə dikbaş və tərbiyəsiz çıxdı?
Yoldaşı cavabında deyir:
– Mən arvadımı evə gətirdikdən sonra qorxutmuşam. İlk günün axşamı oturub xörək yeyərkən pişik gəlib zəhləmizi tökməyə başladı, nə qədər acıqlandımsa, xeyri olmadı, axırda cana yığıldım və xəncərlə pişiyin boynunu üzüb yerə atdım. O vaxtdan arvadım məndən qorxur və bir sözümü iki eləmir.
Kişi bu xəbərdən cox sevinib evinə gedir. Axşam oturub çörək yeyərkən o da pişiyə acıqlanıb onun başını kəsəcəyi ilə hədələyir. Pişik sözə baxmadıqda o ayağa durub xəncəri qapır. Bunu görən arvadı onun əlini saxlayıb soyuqqanlılıqla deyir:
– Ay kişi, sən atanın goru, xəncəri yerinə qoy, pişiyi birinci gecə öldürərlər.
İlk təsəvvür yaratmağın əhəmiyyətindən danışarkən bu məsəldən istifadə edirlər. Buna alternativ olaraq «Arvadı gərdəkdə, uşağı bələkdə tərbiyə edərlər» deyimi də işlənir.
Məsəllər, deyimlər►Heç bir cismani istək olmadan, yüksək mənəvi və ruhi keyfiyyətlərə görə qarşılıqlı sevgi haqqında işlədilən ifadə.
İfadə böyük yunan filosofu Platonun adı ilə bağlı yaranmışdır.
Platon çox sevdiyi müəllimi Sokratın fikir və baxışları əks olunan bir sıra kitabın müəllifidir. Bunların bir çoxu Sokratın kiminləsə dialoqu şəklində yazılıb. Ancaq belə dialoqların birində (ən məşhurunda), e.ə. 416-cı ildə şair Aqafonun evində həqiqətən də baş vermiş söhbət təsvir edilir.
Bu dialoq «simpozium» (və ya yunanca «ziyafət») adlanır. Başqa sözlə, yığılan qonaqlar şərab içir və sərbəst şəraitdə dostcasına söhbət edirlər. Aqafonun evindəki ziyafət zamanı qonaqlardan biri «sevginin təbiəti» mövzusuna toxunur. Qızğın diskussiya başlayır və məlum olur ki, sevginin mənası, mahiyyəti, insan həyatındakı yeri haqqında toplaşanların hər birinin fərqli təsəvvürü var.
Sokrat hesab edirdi ki, sevgi insanın xeyirxahlıq, gözəllik axtararaq ona çatmaq istəyəndə keçirdiyi hissdir. Bunu da zahirən gözəl olan kişi və qadında tapmaq mümkündür. Belə cismani məhəbbəti insanlar «sevgi» kimi başa düşür və onunla kifayətlənirdilər. Ancaq vaxt keçdikcə cismani gözəllik əriyib gedir.
Sokratın və onunla həmfikir olan Platonun düşüncəsinə görə, gözəlliyin ali və dəyişməz forması ruhun və niyyətin gözəlliyidir. İdeal isə zahiri və daxili gözəlliyin vəhdəti ola bilər. Buna görə də sevginin ən ali forması ilahi mərhəmətlə birləşməyə can atmaq sayılır.
Məsəllər, deyimlər►Gözəllik və abadlıq olmayan yerdə onun təəssüratını yaratmağı, eyibləri, nəyinsə xoşagəlməz halını ört-basdır etməyi, reallığı gizlətməyi, zahiri bəzəyə üstünlük verməyi bildirmək üçün işlədilən ifadə.
İfadə rus çariçası II Yekaterinanın sarayındakı əyanların ən səlahiyyətlisi olmuş Qriqori Potyomkinin adı ilə bağlıdır.
Potyomkinin əlinə Rusiyanın cənubunda yerləşən, əvvəllər Türkiyənin hakimiyyəti altında olmuş Krım və Novorossiya, Ukraynanın yenidən zəbt olunmuş ərazilərinin bir hissəsi keçmişdi. İmperatriçə 1787-ci ildə yeni torpaqları görmək istədi. İmperatriçəsini idarə elədiyi yerlərin zənginliyi ilə heyran etmək istəyən Potyomkin onun gedəcəyi yolboyu teatr dekorasiyaları kimi bəzəklər – möhtəşəm evlərdən ibarət gözəl «kəndlər» qurmağı əmr etdi.
Çariça sürətlə getmirdi və o dayanarkən yalançı kəndlər də yol üstündə olan başqa yerlərə köçürülür və kimsəsiz çöllüklərdə qurulurdu. Yekaterina yeni zəbt olunmuş vilayətin əhalisinin «sıxlığını» və «kəndlərin» gözəlliyini böyük məmnuniyyətlə qeyd edirdi. Yeni ərazinin əhalisinin belə tez artırılmasına görə Potyomkin «Tavrida knyazı» titulu ilə mükafatlandırılmışdı.
İşlərin pis və xoşagəlməz vəziyyətini gizlədən yalançı bər-bəzəyi bildirən «Potyomkin kəndləri» ifadəsi belə yarandı. Dilimizdə bunun qarşılığı olan «üstü bəzək, altı təzək» ifadəsi vardır.
Məsəllər, deyimlər