Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

çarparə

fars. çahar parə – dörd parça, dörd hissə

XIX əsrdən etibarən Azərbaycan poeziyasında yer alan və o qədər də geniş yayılmayan şeir şəkillərindən biri.

Ç.-nin quruluşu 4 misralı bəndlərə əsaslanır. 10 hecadan ibarət hər misrası iki bərabər (beşhecalı) yarımmisraya bölünür. Bəzən yarımmisralar da öz aralarında qafiyələnir. Ç.-lər öz ritmikliyi, oynaqlığı, təqtilərin ideal proporsionallığı ilə seçilir. Ç.-nin klassik nümunələrini Azərbaycan poeziyasında Seyid Әbülqasim Nəbati yaradıb. XIX əsr Azərbaycan şairlərindən Seyid Nigarinin Ç.-sindən bir bənd:

Çəkmişəm cəfa, eylə bir vəfa,

Səndə əl əta, can sənə fəda,

Rahi-mehirdə zarü-binəva,

Tarikül-vətən bir mənəm, mənəm.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dadaizm

1916–1922-ci illərdə Qərbi Avropa ədəbiyyatı və incəsənətində mövcud olmuş modernist cərəyan.

D. cərəyanının banisi şair Tristan Tsara 1918-ci ildə bu sözün mənşəyi haqqında yazırdı: “Kru adlı zənci qəbiləsinin dilində dada müqəddəs inəyin quyruğu mənasını verir. İtaliyanın bəzi vilayətlərində bu sözlə uşaqlar üçün taxta at oyuncağını adlandırırlar. Rus dilində isə da, da – bəli, bəli deməkdir. “Dada” sözü uşaq qığıltısını bildirən təqlidi söz kimi də qəbul edilə bilər. Beləliklə, bu sözün mahiyyətində mənasızlıq durur ki, o da D. cərəyanını çox yaxşı səciyyələndirir”. D. İsveçrədə anarxist təbiətli yaradıcı ziyalılar mühitində meydana gəlib, sonradan digər Avropa ölkələrinə də yayılıb. Dadaistlərin fikrincə, I Dünya müharibəsinin yaratdığı zülm və qəddarlıq bu dünyada həyatın mənasızlığını bariz şəkildə ortaya qoyub. Onlar iddia edirdilər ki, məntiq və rasionallıq dünyada müharibələrin və konfliktlərin əsas səbəbidir. Ona görə də D.-in əsas prinsipləri irrasionallıq, sistemsizlik, ədəbiyyat və incəsənətdə hər cür standart və kanonların rədd edilməsidir. Bu etiraz dadaistlərin əsərlərini, adətən, özbaşınalığa, anarxizmə çevirirdi. 1922-ci ildən sonra D. Fransada sürrealizmlə, Almaniyada ekspressionizmlə əvəz olunub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dedim-dedi

Lirik qəhrəmanla sevgilisi arasında dialoq şəklində qurulmuş şeir forması.

Ədəbiyyatımızda həm əruz, həm də heca vəznində D-D.-lər yazılıb. Ə.Vahidin “Eyləmisən” qəzəli əruz vəznində D-D.-nin ən yaxşı nümunələrindəndir:

Dedim: – Ey qönçədəhan, könlümü qan eyləmisən,

Dedi: – Bica yerə eşqimdə fəğan eyləmisən. (Ə.Vahid)

Aşıq ədəbiyyatında qoşma şəklində D-D. nümunələri var:

Dedim: Xəstələrin can dərmanısan,

Dedi: Aşiqlərin kərəm kanısan.

Dedim: Ay qız, mənim adım tanısan,

Əzəldən bilirəm Alısan, – dedi. (Aşıq Alı)

Bəzi ədəbiyyatşünaslar D-D.-ni daxili deyişmə də adlandırırlar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti