Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tragikomediya

yun. tragoedia + comodia

Faciəkomediya ünsürlərini özündə birləşdirən dramatik əsər.

Tra­gi­komediyanın ilk nümunələrinə antik ədəbiyyatda, xü­susilə Evripidin yaradıcılığında rast gəlinir. Şekspirin son pyesləri də (“Fırtına”, “Perikl”, “Qış nağılı” və s.) bu janrda yazılıb. Tra­gi­komediyada faciəyə xas olan yüksək pafos, dramatizm özünü göstərir, lakin son həddinə çatmır; qəhrəmanın ətraf aləmlə konflikti onun ölümü ilə nəticələnmir. Komik səhnələr, ­dia­­loqlardakı yumorlu atmacalar gərginliyi, tragizm ruhunu azalt­mağa xidmət edir. Bu əsərlər, adətən, komediyaya xas olan xoşbəxt sonluqla bitir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tuyuq

Klassik türk poeziyasında dördmisralıq şeir növü.

“Tuyuq” sözü “duymaq” sözündəndir. Hikmətamiz məz­mun daşıyan bu şeirlər daha çox əruz vəzninin rəməl bəhrin­də yazılıb. Tuyuq janrını ədəbiyyatımıza Qazi Bürhanəddin gətirib. Sonradan İ.Nəsimi və Ə.Nəvai bu janrı inkişaf et­di­riblər. Tuyuqda misralar a.a.b.a şəklində qafiyələnir:

Hər zamanın bir nigarü-şahi var,

Hər günün günəşi, gecənin mahi var.

Oduna düşənə qalmadı qərar,

Yola çıxan kişinün Allahı var. (Q.Bürhanəddin)

Tuyuq şeirində bəzən üçüncü misra da digərləri ilə həmqafiyə ola bilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tanka

yap. – qısa nəğmə

Yapon lirik poeziyasında vaka janrının şəkillərindən biri; beşmisralı yapon şeir forması.

Mənşəyi xalq rəvayətləri və qəbilə quruluşu dövrünün şifahi poeziyasına gedib çıxır. Hazırda milli yapon poeziyasının əsas forması hesab edilir. Orta əsrlərdə tərtib edilmiş “36 ölməz şair” siyahısında yer alan yapon şairi Ki-no Surayuki T.-nı “kökləri insan qəlbində olan poeziya” adlandırıb. T.-da qafiyə olmur. Bu şeir forması beş və yeddi hecalı misraların 5-7-5-7-7 sxemi üzrə birləşməsinə əsaslanır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tarixi poetika

Bədii əsərlərin, üslubların, janrların mənşəyini və təkamülünü öyrənən ədəbiyyatşünaslıq sahəsi.

T.P. rus ədəbiyyatşünası A.N.Veselovskinin (1838–1906) nəzəri cəhətdən əsaslandırdığı  elmi istiqamətdir. Alim müxtəlif xalqların və dövrlərin folklorunu, yazılı ədəbiyyatını bir-biri ilə müqayisəli şəkildə öyrənərək dünya ədəbiyyatının inkişaf qanunauyğunluqlarını tədqiq edib. T.P. ədəbiyyat tarixini ədəbi-bədii formaların təkamülü kimi nəzərdən keçirir. Ənənəvi poetikadan fərqli olaraq bu nəzəriyyədə ədəbiyyat diaxronik aspektdə öyrənilir. A.N.Veselovskinin fikrincə, bədii sözün mahiyyətini öyrənmək, tədqiqat metodlarını müəyyənləşdirmək üçün ədəbiyyat tarixindən kifayət qədər “material” toplamaq lazımdır. Buna görə də T.P.-ya bəzən induktiv poetika da deyilir. Sovet dövründə T.P. burjua-kosmopolit nəzəriyyə hesab edilirdi. Lakin XX əsrin 70-ci illərindən başlayaraq T.P.-ya maraq yenidən oyandı.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tavtologiya

yun. tautologiya – eyni şey

Mənaca eyni və ya yaxın sözlərin, ifadələrin təkrarı; eyni bir fikrin gah bu, gah da başqa şәkildә ifadәsi.

Üslubi fiqur olan təkrirdən fərqli olaraq müqayisədə T. daha çox neqativ mənada (lazımsız təkrar) işlənir. Bu baxımdan T. pleonazma daha yaxındır. Lakin T. daha geniş mənada təkrardır:

1) fikrə yeni məna gətirməyən sinonimlərin yanaşı işlənməsi (eşq, məhəbbət, sevgi);

2) eyni fikrin başqa sözlərlə təkrarı (o mənim bacımdır, mən də onun bacısı);

3) nitqdə artıq ünsürlərin işlədilməsi (“gördüm” əvəzinə “öz gözlərimlə gördüm”);

4) pleonazmtipli T.-lar: ən optimal (“optimal” elə “ən yaxşı” deməkdir), qiymətlərin preyskurantı (“preyskurant” alman dilindən tərcümədə “qiymətlərin kataloqu” deməkdir) və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti