Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

idiom

yun. idios – xüsusi, özünəməxsus

Mənası tərkibindəki sözlərlə birbaşa əlaqələnməyən sabit söz birləşməsi; frazeologizm.

Sərbəst söz birləşməsindən fərqli olaraq İ. sintaktik deyil, leksik vahiddir və cümlənin bir üzvü kimi çıxış edir. İ.-lara frazem, frazeologizm də deyilir. Lakin frazeologizm daha ümumi anlayışdır və özündə İ.-lardan başqa, cümlə şəklində olan məsəl və atalar sözlərini – paremiyaları da birləşdirir. Dilimizdəki İ.-ların əksəriyyəti feili birləşmələrdir: baş sındırmaq, gözü doymamaq və s. Lakin isim (ağıl dəryası), sifət (aydan arı, sudan duru), zərf (bir göz qırpımında) məqamında işlənən İ.-lar da var. Hər bir dilin İ.-ları o dilin incəliklərini və zənginliyini əks etdirir. Bədii əsərlərdə İ.-ların bolluğu dil və üsluba emosional rəng qatır və milli koloriti gücləndirir. İ-ların əksəriyyəti başqa dillərə hərfi tərcümə olunmur. Onların başqa dildə uğurlu qarşılığını tapmaq bədii tərcümənin ən çətin vəzifələrindən biridir və tərcüməçidən hər iki dili dərindən, incəliklərinə qədər bilməyi tələb edir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti