Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sual cümləsi

Sual məqsədilə (sual verib cavab almaq məq­sədilə) iş­lədilən cümlə.

Kommunikativ baxımdan sual ­cüm­­ləsi nəqli, əmr və nida cümlələrinə qarşı qoyulur. Sual cüm­­ləsinin işlədilməsində əsas məqsəd məlumat almaq, əldə olan məlumatı dəqiqləşdirməkdir; məs.: Sənin ana dilin nə­dir? Sənin ana dilin Azərbaycan dilidir? Bəzi sual cümlələri cavab tələb etmir: Adam da özündən böyüyə əl qaldırar? Bu tipli sual cümlələri, əsasən, bədii üslubda işlədilir və ritorik sual adlanır. Yazıda sual cümləsindən sonra həmişə sual işa­rəsi qoyulur. Sual cümlələri yaranma yoluna görə üç yerə bölünür: 1. Sual əvəzliklərinin köməyi ilə: Siz hara gedirsiniz? Atan necədir? 2. Sual ədatlarının (-mı4, yəni, bəs, məgər, ki) köməyi ilə: Gəldinmi? Bəs o, kimi çağırdı? 3. Yalnız sual in­to­nasiyasının köməyi ilə: Sən evə gedirsən? Bu yolla ya­ranan sual cümlələri nəqli cümlələrə yaxın olur. Sadəcə, cümlənin xəbərinin sonu bir az uzun tələffüz olunur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sual ədatları

Sual cümlələrinin təsir gücünü artırmağa xid­mət edən bəs, məgər, -mı4, ki, yəni ədatları.

Nümunə: Yəni, ay Rüstəm, adamları sən məndən yaxşı tanıyırsan? (M.İb­ra­himov). Bir yerə getmirsən ki? Siz məgər onu buradakı qüvvələrdən ayıra bilməzsiniz? və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sual əvəzliyi

Əşya, onun əlaməti, miqdarı, hərəkəti və s. haqqında  sual bildirən əvəzlik: kim? nə? hansı? necə? neçə? hara? nə qədər? nə vaxt? və s.

Bütün əsas nitq hissələrinin sualları sual əvəzlikləridir. Sual əvəzlikləri əvəz etdikləri nitq hissələrinin əlamətlərini özündə daşıyır. Sual əvəzlikləri bütün əsas nitq hissələrini əvəz edir. Qu­ruluşca sadə (nə? hara?), düzəltmə (neçənci?) və tərkibi (nə etdi? nə üçün?) olur. Bu əvəzliklər sintaktik funksiyaca baş və budaq cümlələrin əlaqələnmə vasitəsi kimi işləndikdə sual əvəzliyi deyil, bağlayıcı söz hesab olunur: Nə vaxt dediklərimə əməl edərsən, onda danışarıq.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sual işarəsi

Sual cümləsindən sonra qoyulan durğu işarəsi (?); məs.: Bu gün havanın temperaturu neçə dərəcədir?

Bun­dan əlavə, həmcins üzvlü sual cümlələrində hər üzvü müs­tə­qi­lləşdirmək, nəzərə çarpdırmaq istədikdə onlardan sonra da sual işarəsi qoyulur. ...Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu zavallı heykəlimi və yaxud alman dahisi böyük Şiller özümü? (C.Cabbarlı) Başqasından sitat ve­rərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da mötərizə içərisində sual işarəsi qoyulur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sual intonasiyası

Tonun yüksəlməsi ilə səciyyələnən into­nasiya.

Azərbaycan dilin­də sual ifadə edən söz daha yüksək tonla tələffüz edilir. Sual intonasiyası ilə tələffüz edilən cümlələr sual cümləsi adlanır. Nəqli və ya əmr cümlələrini sual into­nasiyası ilə tələffüz etdikdə sual cümləsi yaranmış olur; məs.: Bu gün dərsə hamı gəlmişdi (nəqli cümlə). Bu gün dərsə hamı gəlmişdi? (sual cümləsi).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

süjet

fr. süjet – predmet

Әsәrin mәzmununu tәşkil edәn, bir-biri ilә bağlı olan hadisәlәrin səbəb-nəticə ardıcıllığı.

“Süjet” və “fabula” anlayışları bir-biri ilə çox yaxın olub epik, dramatik, yaxud lirik-epik əsərlərə aid edilir. Lakin fabuladan fərqli olaraq süjet əsərdə təsvir olunan hadisələrin baş verdiyi xronoloji ardıcıllığı nəzərdə tutur. Bu hadisələr müəllif tərə­findən başqa ardıcıllıqla təsvir oluna bilər. Həmin ardıcıllıq fabula adlanır. Bir çox ədəbiyyatşünaslar bu terminlərin izahında sözlərin etimologiyasından çıxış edirlər. Belə ki, mənşəcə “predmet” anlayışını ifadə edən süjet hadisələrin özünü, “hekayə” anlayışını ifadə edən fabula isə hadisələrin nəqlini nəzərdə tutur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti