Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sıra sayları

Sayılan əşyaların sırasını göstərməyə xidmət edən saylar: birinci sinif, axırıncı mərtəbə.

Sıra sayları, əsasən, neçənci?, mətndə isə bəzən hansı? sualına cavab verir. Müəyyən miqdar saylarına, əvvəl, axır, son sözlərinə və filan əvəzliyinə -ıncı4 şəkilçisi artırmaqla yaranır: ikinci, axırıncı, sonuncu. Sonu saitlə bitən sözlərdə -ncı4 kimi yazılır: yed­dinci, altıncı. Sıra saylarının müxtəlif yazı formaları var: birinci; 1-ci; 1.; 1); I. Azərbaycan dilində müəyyən miqdar sayları ərəb rəqəmləri ilə yazılır (5, 10, 15). Lakin sıra sayları həm ərəb, həm də Roma rəqəmləri ilə yazılır: V − 5-ci, X – 10-cu, L − 50-ci, C − 100-cü, D − 500-cü, M − 1000-ci, DCCC − 800-cü, CDXXXIX − 439-cu. Sıra saylarından sonra gələn isim həm təkdə, həm də cəmdə ola bilər: 10-cu sinif, 10-cu siniflər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sifət

Ümumi qrammatik mənasına görə əşyanın əlamət və keyfiyyətini bildirən, necə? nə cür? hansı? suallarından birinə cavab verən əsas nitq hissəsi.

Sifət əşyanın rəngini (qara, mavi), dadını (acı, turş), keyfiyyətini (yaxşı, ağıllı), görkəmini (kök, nurani), formasını (əyri, incə), həcmini (böyük, enli) və s.-ni bildirir. Əşya bildirən sözlə işləndikdə sifət heç bir qram­matik şəkilçi qəbul etmir: uca dağın zirvəsində, elmi kitablar. Sifət aid olduğu ismi itirdikdə isimləşir (substantivləşir) və bu zaman qrammatik şəkilçi qəbul edə bilir: Balacalar həssas olurlar. Morfoloji baxımdan sifət xüsusi dərəcə əlamətləri qəbul edə bilir: sapsarı, sarımtıl. Sifət isimləşmədiyi zaman təyin və ismi xəbər, isimləşdiyi zaman isə mübtəda, tamamlıq və ismi xəbər ola bilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sinekdoxa

Metonimiyanın bir növü: varlığın bir hissəsini və ya əlamətini bildirən sözün həmin varlığın adını əvəz etməsi.

Burada varlığın mahiyyətini əks etdirən, onun üçün rəmzi məna daşıyan hissə və ya əlamət nəzərdə tutulur. Novruz bayramında Keçəl Kosa obrazlarının adları sinekdoxa əsa­sında yaranıb. Sinekdoxa ilə metonimiya kəskin fərq­lənmir. “Azərbaycan” əvəzinə işlənən “Odlar yurdu” ifadəsi yalnız metonimiyadır, lakin “Rusiya dövləti” əvəzinə işlənən “Kreml” sözü metonimiya olmaqla yanaşı, həm də sinekdoxadır. Çox­luqdan birinin həmin çoxluğu adlandırması da sinekdoxa sayılır; məs.: “Dönməz geri Azərbaycan əsgəri” (Əli Kami).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sintaksis

yun. syntaxis – tərtib etmək

Qrammatikanın bölməsi: söz birləşmələri və cümlələrin düzəlmə üsullarını, onların tərkib hissələri arasındakı əlaqələri öyrənən dilçilik  sahəsi.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sintaktik təhlil

Cümlənin üzvlərini, tipini və quru­lu­şunu müəyyənləşdirmə baxımından təhlili.

Sadə cümlənin təhlili zamanı onun məqsəd və intonasiyaya görə növü, baş və ikin­ci­dərəcəli üzvlərin iştirakına görə növü müəy­yən­ləş­dirilir, cüm­lənin qrammatik əsası və ikincidərəcəli üzvləri, onların mor­foloji ifadəsi göstərilir. Mürəkkəb cümlənin təhlili zamanı onun növü (tabeli, tabesiz), komponentlərinin əla­qələnmə vasitəsi müəyyənləşdirilir. Tabesiz mürəkkəb cümlələrin kom­ponentləri arasında məna əlaqələri qeyd olunur. Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələr, budaq cüm­lənin hansı suala cavab verdiyi göstərilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti