Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kansona

ital. canzone – mahnı

Cəngavərliyi tərənnüm edən lirik şeir janrı.

Orta əsrlərdə Qərbi Avropa trubadur poeziyasında yayılıb. 5-7 bənddən ibarətdir. Bütün bəndləri, adətən, eyni cür qafiyələnir. Bəndin son misrası o birilərə nisbətən qısa ölçüdə olur və koda adlanır. İtalyan poeziyasında K.-nın ən parlaq nümunələrini Dante və Petrarka yaradıb.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kataxreza

Üslubi fiqur: məntiqi baxımdan bir-birinə uyğun gəlməyən sözlərin birləşməsindən yaranan ifadə; alogizm.

Üslubi səhv sayılan K. bəzən danışıqda və ya bədii əsərdə komik effekt yaratmaq, nitqin bədii təsir gücünü artırmaq məqsədilə qəsdən işlədilir. Məsələn, rus yazıçıları Struqatski qardaşlarının əsərlərinin birində cəsarət və ağılın bir araya gəlmədiyinə işarə edən qəhrəman “Ağıllı cəsarət – kataxrezadır” söyləyir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kəkəmənamə

Anadolu türk xalq yaradıcılığında şeir şəkillərindən biri.

“Pətəknamə”, “pəpənamə” də adlanır. Bu şeirlər əruz vəznində yazılır və misradakı sözlərin ilk hecaları təkrar edilir: Bu bu bu gün gö gö gördüm yü yü yüzün dilbəra, / Ba ba baxdım kö kö könlüm olubdur ziya. (Abdi İmam)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kirkirəfırlatmalar

Dən üyüdülməsi ilə bağlı oxunan əmək nəğmələri.

Kirkirə dən üyütmək üçün yastı və dairəvi formada düzəldilən alt və üst daşdan ibarət əmək alətidir. Üstdəki daşı fırlatmaqla iki daşın arasına tökülən dəni una çevirirdilər. K. da məhz bu əmək prosesi ilə bağlıdır.

Ha gumbuldar,

Hu gumbuldar,

Daş düşdü daş üstünə,

Sən də gəl aş üstünə.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kitabşünaslıq

Əlyazma və çap kitabının tarixi, nəzəriyyəsi və praktik məsələlərini öyrənən elm.

K. tarix, ədəbiyyatşünaslıq, sənətşünaslıq, biblioqrafiya kimi elmlərlə bərabər, nəşriyyat, poliqrafiya, kağız emalı və s. sahələrlə sıx əlaqədardır. K.-ın əlyazma kitabının tarixi, kitab çapının tarixi, kitab sənəti, biblioqrafiya, kitab ticarətinin nəzəriyyə və praktikası və s. sahələri vardır. Azərbaycanda müstəqil bir elm kimi XX əsrdə formalaşıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti