Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

inkar ədatları

Cümlədə inkarlıq mənasının yaranmasına  xid­mət edən ədatlar.

İnkar ədatları bunlardır: xeyr, yox, heç, heç də. Xeyr yox ədatlarının işləndiyi cümlələrdə xəbər təsdiqdə ola bilsə də, heçheç də ədatları işlənən zaman xəbər inkarda olur; məs.: Yox, mən özüm bu işin öhdə­sindən gəlməliyəm. Onun uğuruna heç inanmıram.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

inkar məzmunlu əvəzliklər

Şəxsin, əşyanın və ya onların əlamətinin varlığını inkar edən əvəzliklər: heç kim, heç kəs, heç hara, kimsə.

İnkar məzmunlu əvəzliklərin işləndiyi cüm­lələrdə xəbər həmişə inkarda işlənir. Kimsəsi yox oyada (bayatıdan). Heç yerə, heç yana mən tələsmirəm (S.Vurğun).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

inkar bağlayıcıları

Tabesizlik bağlayıcılarının məna növ­lərindən biri: nə, nə də, nə də ki.

Bu bağlayıcılar feilləri bir-birinə bağlayanda -ma2 inkar şəkilçisini, başqa nitq hissələrini bağlayarkən deyil, yox sözlərini əvəz edir. İnkar bağlayıcıları işlədilən cümlənin xəbəri təsdiqdə olur; məs.: Pərişanlıq zül­fün öz qaydasıdır, Nə badi-səbadan, nə şanədəndir (M.P.Vaqif). Nə ömrə acıyır, nə yaşa dünya (S.Vurğun).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

intriqa

fr. intrigue > lat. intrico – çaşdırıram

Bədii əsərdə qəhrəmanın taleyinə maraq yaradan motiv və hadisələrin məcmusu.

İntriqa oxucunu əsərə cəlb edən, onda hadi­sə­lərin sonrakı gedişinə maraq oyadan vasitələrdən biridir. Әsərdə intriqa çox zaman surətlərin xarakter, məqsəd və ideya cəhətdən bir-birindən fərqli, ziddiyyətli olması nə­ticəsində yaranır. Lakin buradakı ziddiyyət və münaqişəni bədii konfliktlə eyniləşdirmək olmaz. Əsərdə intriqa konflikt olmadan da yarana bilər. Bəzən intriqa qəhrəmanın çətin vəziyyətə düşməsi, onun hər hansı məqsəd uğrunda mü­barizəyə qoşulması ilə yaranır. Məsələn, Robinzon Kruzonun kimsəsiz adaya düşməsi ilə intriqa yaranır. Oxucunu əsəri sona qədər oxumağa vadar edən də bu intriqadır: “Görəsən, qəhrəman bu adadan qurtula biləcəkmi?” İntriqa daha çox süjetli əsərlər üçün xarakterikdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ismi birləşmə

Əsas tərəfi adlarla (isim, sifət, say və əvəz­liklərlə) ifadə olunan söz birləşməsi.

İsmi birləşmələrin növləri bunlardır: I növ təyini söz birləşməsi (gözəl arzu), II növ təyini söz birləşməsi (söz ustası), III növ təyini söz birləşməsi (igidin taleyi) və qeyri-təyini ismi birləşmə (dodağında təbəssüm, vətənə sevgi). İsmi birləşmələr qu­ruluşca sadə və mürəkkəb olur. İki əsas nitq hissəsi ilə düzələnlər sadə (su maşını), üç və daha artıq əsas nitq hissəsi ilə düzələnlər isə mürəkkəb (vətənin igid əsgərləri) olur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti