Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ədəbi növ

Bədii ədəbiyyatda həyat hadisələrinin təsviri üsuluna, bədii nitqin quruluşuna görə oxşar ədəbi əsərlər qrupu.

Həyat hadisələrini əks etdirmək baxımından bədii əsərlər üç ədəbi növə bölünür: lirik, epik və dramatik. Ədəbi növlərin bu ənənəvi bölgüsünü ilk dəfə Aristotel verib. Lirik növ qəhrəmanın daxili aləmini, ruhi vəziyyətini əks etdirir. Epik növdə olan əsərlər, əsasən, təhkiyə və ya təsvir əsasında hadisə, xarakter və onlar arasındakı münasibətlərdən bəhs edir. Dramatik növdə isə hadisələr qəhrəmanların dialoqu və monoloqu vasitəsilə əks olunur. Bu ədəbi növlər həm şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatda var. Yazılı ədəbiyyatımız XIX əsrin ortalarına qədər yalnız lirik və epik növdə inkişaf edib. Dramatik növün əsasını M.F.Axundzadə 1850-ci ildə “Hekayəti-molla İbrahimxəlil kimyagər” kome­diyası ilə qoyub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ədəbi tənqid

Ədəbiyyatşünaslığın sahələrindən biri: bədii əsərin təhlili və qiymətləndirilməsi.

Ədəbiyyat tarixiədəbiyyat nəzəriyyəsindən fərqli olaraq ədəbi tənqid, əsasən, müasir ədəbi prosesi tədqiq edir, yeni nəşr və ya dərc olunan əsərlərə münasibət bildirir. Ədəbi tənqid dövrün fəlsəfi və estetik ideyaları ilə sıx bağlıdır. Hətta klassik əsərləri tədqiq edəndə belə ədəbi tənqid müasir həyatdan, ictimaiyyətin aktual problemlərindən çıxış edir. Ədəbi-tənqidi məqalələr həmişə tənqidi ruhda yazılmır. Bədii əsər haqqında rəy bildirmək, onun məzmun və ideya-bədii keyfiyyətlərini təhlil etməklə ədəbi tənqid əsəri başa düşməyə kömək edir və ədəbiyyat həvəskarları üçün bələdçi rolunu oynayır. Ədəbi tənqidin hər hansı əsər haqqında söz açması həmin əsərin müəyyən bədii dəyərə malik olmasının göstəricisi sayılır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ədəbiyyatşünaslıq

Bədii ədəbiyyatın yaranması, mahiyyəti və inkişaf qanunauyğunluqlarını öyrənən elm.

Ədəbiy­yatşünaslıq elminin üç əsas sahəsi var: ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixiədəbi tənqid. Bu üç sahə bir-biri ilə sıx bağlıdır və bir-birinin nailiyyətlərindən bəhrələnir. Azər­bay­canda ədəbiyyatşünaslığın bir elm kimi nümunələrinə hələ orta əsrlərdə rast gəlinir. Bu sahədə ilk əsərlər təzkirə adlanan ədəbi məcmuələrdir. Bu məcmuələrdə yazıçılar haqqında bioqrafik məlumatlar verilir, onların yaradıcılığından sitatlar gətirilir, bədii əsərlərin yaranma tarixi, süjeti və s. haqqında danışılır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əfsanə

Şifahi xalq ədəbiyyatının epik janrlarından biri; mifik-fantastik ünsürlərin yer aldığı nəsr əsəri.

Epik növün ən qədim janrlarından biri olan əfsanələrdə xalqın əski dünyagörüşü, düşüncə tərzi ifadə olunur. Əfsanənin əsatir, rəvayətsehrli nağıllarla fərqli və oxşar cəhətləri var. Bu janrların hamısında yüksək dərəcədə bədii şərtilik özünü göstərir. Rəvayətdən fərqli olaraq əfsanənin əsasında həqiqət kimi qələmə verilən bir möcüzə, fantastik obraz və ya təsəvvür dayanır; burada qeyri-adi, fövqəltəbii əhvalat və hadisələr təsvir olunur; insan quşa, heyvana, səma cisminə çevrilir, təbiət varlıqları və hadisələri özlərini insan kimi aparır. Əsatirlə əfsanənin əsas fərqi isə obrazların ideya-estetik xüsusiyyətlərindədir. Əsatir qəhrəmanları daha çox ilahi qüvvələrdirsə, əfsanə qəhrəmanları insanlar, təbiət varlıqları, səma cisimləridir, lakin onlar fövqəltəbii hərəkətlər edir, möcüzələr yaradır və ya möcüzə obyekti olurlar. Məsələn, əsatir qəhrəmanı dəniz tanrısıdırsa, əfsanə qəhrəmanı dənizin özüdür, lakin o, dil açıb danışır, sevinir, ağlayır. Əfsanədəki fantastikanın estetikası sehrli nağıllardan da fərqlidir. Burada div, əjdaha kimi fantastik obrazlar olmur, insanlar, təbiət varlıqları və səma cisimləri özləri fövqəltəbii gücə malik olurlar. Bir çox əfsanələrdə bu varlıqların möcüzəli şəkildə yaranışından bəhs edilir. Şifahi xalq ədəbiyyatımızda “Maral”, “Qu quşu”, “Dəmirqaya”, “Oğuz”, “Günəşlə Ay” və s. əfsanələr var. Əfsanələr mövzu baxımından dörd növə bölünür: zoonimik əfsanələr, toponimik əfsanələr, etnonimik əfsanələr, kosmoqonik əfsanələr.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti