Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

tabloid

ing. tabloid – kiçikölçülü, sıxılmış

Qeyri-ənənəvi ölçüləri (A3 formatından ki­çik), illüstrasiyaların çoxluğu, mətnlərin həcmcə yığcamlığı, sərlövhələrin iriliyi və cazibədarlığı ilə seçilən qəzet tipi.

T. ­qə­zetlər daha çox sensasiya xarakterli ­ya­­­­zılara, əyləncəli materiallara və şou-xə­bərlərə yer verdiyi üçün onları çox vaxt «bulvar qə­zetləri» ilə eyniləşdirirlər. Lakin T.-lərin əsas fərqləndirici xüsusiy­yətini onların məz­mu­nu deyil, ölçüsü, qeyri-standart dizaynı və yazılarının yığcam üslubu təşkil edir. Belə nəşrlər arasında kifayət qədər ciddi mövzulara toxunan və ictimai rəyə əhəmiyyətli təsir qüvvəsinə malik qəzetlər də var. T. termininin yaran­ması İngiltərənin Burroughs Wellcome & Co dərman şirkətinin fəaliyyəti ilə bağlıdır. 1880-ci illərin sonlarında bu şirkət sıxılmış dərman tozundan ibarət «T.» adlandırılan həblər satırdı. Tədricən həcmi sıxılmış digər məhsullar, XX əsrin ilk il­lə­rin­dən kiçikölçülü qəzetlər də belə ad­lan­dı­rılmağa başladı. T. qəzetlərin bütün ölkələr üçün ümumi olan formatı yoxdur. İn­gil­tə­rədə bu nəşr­lər 28 x 43 sm, Kanadada – 26 x 36,8 sm, Nor­veçdə 28 x 40 sm standart ölçülərə malikdir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

tabloid jurnalistikası

ing. tabloid – kiçikölçülü, sıxılmış

Sensasiya xarakterli ma­terialların, kriminal xəbərlərin və əyləncəli mövzuların üstünlük təşkil etdiyi jurnalist fəaliyyəti sahəsi.

T.J.-na həm də yığ­cam­lıq, mətnin sadəliyi xarakterikdir. Bu tip jur­nalistikanın formalaşması məhz tabloid qəzetlərlə bağlı olduğu üçün o belə ad­lanır. T.J.-nın yaradıcısı The Evening News (1894), Daily Mail (1896), The Daily Mirror (1903) və digər məşhur nəşrlərin əsasını qoymuş ingilis qəzet maqnatı Alfred Hams­vort hesab olunur. 1901-ci il yanvar ayının 1-də amerikalı naşir Cozef Pulitser The New-York World qəzetinin bir sayını burax­mağı Hamsvorta həvalə et­mişdi. Hamsvort qəzetin ölçüsünü kiçiltmiş və bütün ma­terialları maksimum 200 sö­zədək qısalt­mışdı. Təqdimatda o yazırdı: «The World bu gün XX əsrə – vaxta qənaət əsrinə daxil olur. Əmin edirəm ki, mənim sıxlaşdırma sistemim, yaxud T.J. vasitəsilə hər il yüz­lərlə iş saatına qənaət ediləcək».

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

tayms nyu roman

ing. Times New Ro­man

Yazılışı və oxunuşu asan olan, ­çox­işlənən kərtikli şrift qarnituru.

Bu qar­­nituru Londonda The Times qəzetini keyfiyyətsiz çapa görə davamlı tənqid edən mətbəə mühəndisi Stenli Morison və rəs­sam Viktor Lardent yaradıblar. İlk dəfə 1932-ci ildə həmin qəzetdə istifadə olun­muş T.N.R.-ın əsas üstünlüyü onun fərqli dizaynında, asan oxunmasında və yığ­cam­lığına görə səhifədə az yer tutmasındadır.

Jurnalistika terminləri lüğəti