ing. tabloid – kiçikölçülü, sıxılmış
Qeyri-ənənəvi ölçüləri (A3 formatından kiçik), illüstrasiyaların çoxluğu, mətnlərin həcmcə yığcamlığı, sərlövhələrin iriliyi və cazibədarlığı ilə seçilən qəzet tipi.
T. qəzetlər daha çox sensasiya xarakterli yazılara, əyləncəli materiallara və şou-xəbərlərə yer verdiyi üçün onları çox vaxt «bulvar qəzetləri» ilə eyniləşdirirlər. Lakin T.-lərin əsas fərqləndirici xüsusiyyətini onların məzmunu deyil, ölçüsü, qeyri-standart dizaynı və yazılarının yığcam üslubu təşkil edir. Belə nəşrlər arasında kifayət qədər ciddi mövzulara toxunan və ictimai rəyə əhəmiyyətli təsir qüvvəsinə malik qəzetlər də var. T. termininin yaranması İngiltərənin Burroughs Wellcome & Co dərman şirkətinin fəaliyyəti ilə bağlıdır. 1880-ci illərin sonlarında bu şirkət sıxılmış dərman tozundan ibarət «T.» adlandırılan həblər satırdı. Tədricən həcmi sıxılmış digər məhsullar, XX əsrin ilk illərindən kiçikölçülü qəzetlər də belə adlandırılmağa başladı. T. qəzetlərin bütün ölkələr üçün ümumi olan formatı yoxdur. İngiltərədə bu nəşrlər 28 x 43 sm, Kanadada – 26 x 36,8 sm, Norveçdə 28 x 40 sm standart ölçülərə malikdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti