Misə qızıl vurmaq nəyə gərəkdir,
Mis yenə özünü göstərəcəkdir.
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət.
Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə.
Az danış, desinlər sözündə güc var,
Çox sözü dinləyən çox nöqsan tutar.
Çox söyləmək bəlkə sənə asandır,
“Çox oldu” desələr böyük nöqsandır.
Yaşa ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən.
Yaxşı adamların göz yum eybinə,
Yaxşı şey öyrətməz yaman göz sənə.
Hər şeyi özünçün əkmək nə yarar?
Dünyada hesabsız ruzi yeyən var!
Köçənlər bir çox şey əkmişdir bizə,
Biz də əkməliyik gənc nəslimizə.
Belə misal çəkmiş aqil bir insan:
“Qurd girməz sürüyə yatmasa çoban”.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
İnsana arxadır onun kəlamı,
Ağlıdır hər kəsin dövləti, malı.
Yüz il sonra sorsan bəs o hardadır,
Hər beyti səslənər: “burda, burdadır”.
Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da.
Nə qədər şair var, söz var, şeir var,
Dünyada onlardan mənəm yadigar.
Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.