Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yeni media

Rəqəmsal texnologiyalar əsa­sında yaradılan və yayılan kütləvi informasiya vasitələri.

Bura informasiya saytları, elektron qəzetlər, sosial şəbəkələr, bloqlar və s. daxildir. Y.M., adətən, daha asan qav­ranılan qısa kontentdən ibarət olur, lakin onu səciyyələndirən başlıca element kontent deyil, məhz texnologiya, kommunikasiya sistemidir. Bununla da Y.M. ənənəvi mediadan fərqlənir. Y.M. rəqəmsal texno­logiyanın sürətli inkişafı ilə paralel XX əsrin 90-cı illərindən Qərbdə formalaşmağa baş­layıb. Oksford lüğəti ona belə tərif verib: «internet kimi rəqəmsal texnologiyalardan istifadə edən kütləvi kommunikasiya vasi­tələri». Kembric lüğəti Y.M.-nın daha geniş izahını hazırlayıb: «televiziya, qəzet kimi ənənəvi metodlarla deyil, kompüter, yaxud internet vasitəsilə informasiya və əyləncə təklif edən məhsullar, xidmətlər». Kanada radio-televiziya və telekommunikasiya ko­mis­siyası onu «interaktivliyə malik və rə­qəmsal texnologiyalarla yayılan istənilən media məhsulu» kimi qiymətləndirib. Y.M.-nın sosial mahiyyətini isə 1991-ci ildə ABŞ-ın Miçiqan universitetinin media tex­no­logi­yaları üzrə professoru Rassel Nyuman daha dəqiq açıqlayıb: «Biz audio, video və elektron mətnli kommunikasiya şəbə­kə­lərinin universal əlaqəli inkişafının şahidi oluruq. Bu inkişaf fərdlərarası ün­siyyətlə kütləvi kommunikasiya, ictimai ünsiyyətlə şəxsi ünsiyyət arasındakı fərq­ləri siləcək».

Jurnalistika terminləri lüğəti