ər. – müavin, varis
Məhəmməd peyğəmbərin vəfatından (632) sonra müsəlman icmasının dini və dünyəvi rəhbəri, eləcə də teokratik müsəlman dövlətinin (xilafətin) başçısı.
X. öncə Allahın yerdə elçisi olan Məhəmməd peyğəmbərin müavini, Əməvilər dövründən isə Allahın özünün yer üzündə nümayəndəsi hesab edilib. Lakin IX əsrdən başlayaraq X.-lər tədricən müsəlman icmasının əsas hissəsi üzərində dünyəvi hakimiyyəti itirərək sırf dini rəhbərlərə çevriliblər. Abbasilər xilafətinin süqutundan (1258) sonra isə bir çox müsəlman dövlətlərinin hökmdarları X. titulu qəbul edərək həm də bütün müsəlmanlar üzərində dini hakimiyyət iddiasında oluqlarını nümayiş etdiriblər. XVI əsrin əvvəlində Misirin fəthindən sonra X. titulunu dünya müsəlmanlarının dini rəhbəri kimi Osmanlı sultanları daşımağa başlayıblar. 1924-cü ildə Atatürk tərəfindən X.-lik ləğv edilib. Müsəlman dünyasında yeni X. seçməyə dəfələrlə cəhd göstərilsə də, bu, baş tutmayıb.
Tarix terminləri lüğəti