Maili istiqamətdə hərəkətə gələrək böyük sahədə digər süxur kütləsinin üstünü örtmüş qalın dağ süxuru kompleksi.
T.Ö. on, yüz kilometrlərlə ərazini əhatə edə bilər. Hərəkətə gəlmiş süxurlar alloxton, onların altında qalmış, özül təşkil edən süxurlar avtoxton adlanır. Bəzi sahələrdə avtoxtonlar T.Ö. təşkil edən alloxtonların arasından üzə çıxır və tektonik pəncərələr yaradır. Bəzən isə zaman keçdikcə T.Ö. dağılır və alloxtonlar avtoxtonların arasında qaya-adacıqlar şəklində qalır. Belə adacıqlara klipplər, yaxud tektonik qalıqlar deyilir. T.Ö.-lərə müxtəlif yaşlı geosinklinal sistemlərin ərazisində rast gəlinir. Onlar ilk dəfə XIX əsrin sonlarında Alp dağlarında aşkar olunub. Azərbaycanda T.Ö.-ləri İsmayıllı və Şamaxı rayonlarının ərazisində görmək mümkündür.
Coğrafiya terminləri lüğəti