türk. – damğa, möhür
Qədim türklərdə və monqollarda şəxsi mülkiyyət nişanı, möhür; sonralar xanın möhürü vurulmuş rəsmi sənəd və ya fərman, eləcə də vergi növü.
Bu termin XIII əsrdən başlayaraq monqol işğalına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda geniş yayılıb. Həmin dövrdən etibarən monqolların Orta Asiya, Cənubi Qafqaz, eləcə də bəzi Yaxın və Orta Şərq ölkələrində ticarətdən, sənətkarlıqdan, digər istehsal sahələrindən pulla topladıqları vergi də T. adlanıb. Həmin vergini toplamaq hüququ əksər hallarda icarəyə verilib və müqatiə üsulu ilə həyata keçirilib. Ticarət və sənətkarlığın inkişafına ciddi maneə törədən T. XVI əsrin 70-ci illərinə kimi mövcud olub. İran və Azərbaycanda T.-nı Səfəvi hökmdarı I Təhmasib 1565-ci ildə ləğv edib.
Tarix terminləri lüğəti