türk. tanzimat < ər. tənzim – nizama salma, düzəltmə
1839-cu ildən XIX əsrin 70-ci illərinin əvvəlinə kimi Osmanlı imperiyasında həyata keçirilən islahatlar.
Həmin dövrün özü də T. adlanır. Osmanlı cəmiyyətində dərinləşən böhran və Avropa dövlətlərinin Türkiyəyə qarşı qəsbkarlıq siyasətinin güclənməsi ölkədə köklü islahatlara ehtiyac yaradıb. T.-ın birinci mərhələsi xarici işlər naziri Rəşid paşanın tərtib etdiyi “Gülxanə xətti şərifi”nin elan olunması ilə (1839) başlanıb. Bu mərhələdə bir sıra mütərəqqi dəyişikliklər həyata keçirilib – cinayət və kommersiya məcəllələri qəbul edilib, ilk dünyəvi məktəblər yaradılıb, vergilərin toplanmasında iltizam sistemi ləğv olunub və s. Lakin irticaçı qüvvələrin müqaviməti nəticəsində bir çox mühüm vədlər yerinə yetirilməyib. T.-ın ikinci mərhələsinin başlanğıcı sədr-əzəm Əli paşanın tərtib etdiyi “Xətti hümayun”la (1856) qoyulub. “Xətti hümayun” Avropa ölkələrinin təzyiqi altında tərtib olunduğundan bu mərhələdə islahatlar, əsasən, xarici kapitalın Osmanlı dövlətində sərbəst fəaliyyəti üçün imkanlar yaradılmasına yönəldilib. Lakin bütövlükdə T. Osmanlı dövlətində iqtisadi inkişafa, milli burjuaziyanın mövqelərinin möhkəmlənməsinə, kapitalizmin inkişafı yolunda maneələrin aradan qaldırılmasına, elmin və ədəbiyyatın tərəqqisinə təkan verib.
Tarix terminləri lüğəti