1. Yırtıcı quş.
2. Məcazi mənada: qoçaq, igid, zirək, gözəl mənasında işlənir.
Aşıq şeirində, klassik poeziyada, bir qayda olaraq, sar ilə qarşılaşdırılır.
Tərlan tərlanınan,
Sar da sarınan.
Bülbül öz gülüynən
Yar da yarınan,
Tərlan da götürməz,
Sarı yanınca.
(“Qulam-Kəmtər”)
*
Xab içində yatan bixəbər səyyad,
Tərlan mənəm, qeyri-tərlan istəmə!
Mən səni sevmişəm, sən də sev məni.
Sev bu canı, qeyri canan istəmə!
(“Abdulla və Cahan”)
*
Belə zaman hara, qoç igid hara?
Mərdləri çəkirlər namərdlər dara,
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?
(“Koroğlunun qocalığı”)
*
Hanı Əhməd şeşpər ata,
Dəmirçioğlu küştü tuta,
Bu günümdə gəlib çata
Tərlan dəlilərim mənim.
(“Koroğlunun qocalığı”)
*
Bugünkü məclisdə bir gözəl gördüm,
Gözəllər səfində sana yaraşır.
Geyinib sallanan gözəllər çoxdu,
Tərlan kimi süzmək ona yaraşır.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Oturmuşdum mən xan kimi,
Göz yaşım axdı qan kimi,
Bir alıcı tərlan kimi,
Sür atını bu meydana!
(“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)
Azərbaycan dastanlarının leksikası