Beynəlxalq vaxt hesablama sistemi.
Sistemin əsasını Yer səthinin meridianlarla hər qurşaqda 15° olmaqla 24 qurşağa bölünməsi təşkil edir. Vaxtın hesablanması Qrinviç (sıfır) qurşağından şərqə doğru aparılır. Qrinviç qurşağı isə 7,5° q.u. ilə 7,5° ş.u. arasında yerləşir (0-cı və ya 24-cü saat qurşağı). Beləliklə, birinci S.Q. 7,5°-22,5° ş.u., ikinci S.Q. 22,5°-37,5° ş.u. arasına düşür və s. Hər qurşağın bütün məntəqələrində vaxt eyni hesab olunur və həmin qurşağın orta meridian vaxtına uyğun gəlir. Lakin S.Q.-nın sərhədi bütün yerlərdə meridianlar üzrə getmir: çox zaman dövlət sərhədləri, çaylar, digər şərti xətlər üzrə dəyişir. S.Q. ilk dəfə 1883-cü ildə ABŞ-da tətbiq edilib. Azərbaycanın ərazisi 45°-51° ş.u. arasında olduğu üçün ölkə üçüncü S.Q.-nda yerləşir.
Coğrafiya terminləri lüğəti