Reklam
Reklam

Tarix terminləri lüğəti

peçeneqlər

Qədim türk tayfa ittifaqı.

VI əsrdə İssıkkul və Balxaş gölləri ətrafında yaşayan P. daha sonra qərbə doğru hərəkət edərək VIII–IX əsrlərdə Aral dənizi ilə Volqa çayı arasındakı ərazilərdə məskunlaşıblar. IX əsrin sonunda oğuzlarxəzərlər tərəfindən sıxışdırılan P. Volqanı keçərək Don çayından Dunay çayının mənsəbinə kimi Qara dənizin bütün şimal sahillərini ələ keçiriblər. P.-in əsas məşğuliyyəti maldarlıq olub. Onlar Bizansın müttəfiqi qismində ruslara qarşı yürüşlərdə fəal iştirak ediblər. 915–1036-cı illəri əhatə edən rus-P. müharibələrində ruslara ağır zərbələr vurublar. Lakin XI əsrin ortalarında P. poloveslər və oğuzlar tərəfindən yenidən sıxışdırılıblar, bu dəfə Dunayın yuxarılarına və Karpat dağlarına doğru çəkilməli olublar. Qara dəniz sahillərində onların yerini poloveslər tutublar. P.-in bir hissəsi Macarıstan və Bolqarıstana köç edərək orada yerli əhali ilə qaynayıb-qarışıb, əsas hissəsi isə poloveslərlə birləşib. Bu ittifaqa daxil olan tayfalar peçeneq dilində danışıblar. Bəzi tədqiqatçılar peçeneq dilinin oğuz, digərləri isə qıpçaq dilləri qrupuna daxil olduğunu göstərirlər. P. termininin etimologiyası dəqiq müəyyənləşməyib. Rus tarixçisi S.Pletnyovanın fikrincə, bu söz peçeneq tayfa ittifaqının əfsanəvi başçısı Beçenin adından yaranıb.

Tarix terminləri lüğəti