yun. mimema – bənzər – «oxşar» sözünün qısaldılmış forması
1. Bir fərddən digərinə ötürülən mədəniyyət elementi, mədəni informasiya vahidi.
Yazılı, yaxud şifahi formada, təqlid şəklində və s. üsullarla insandan-insana keçən istənilən ideya, simvol, davranış, jest M. sayıla bilər. M. terminini və onun ifadə etdiyi konsepsiyanı 1976-cı ildə ingilis bioloqu Riçard Doukins yaradıb. Bioloji informasiya genlərdən ibarət olduğu kimi, mədəni informasiyanın da baza elementlərindən – M.-lərdən təşkil edildiyi haqda fikir məhz bu alimə məxsusdur. Doukinsə görə, M.-lər kütləvi mədəniyyətin formalaşmasında əsas rol oynayır; mədəni və sosial məzmunlu informasiya nəsildən nəslə onların vasitəsilə ötürülür. Mahnılar, şüarlar, mifik və tarixi obrazlar, dəb, bədii üslublar M.-lərin nümunələridir.
2. Kütləvi informasiya vasitələrində, xüsusilə internetdə geniş yayılan və sürətlə populyarlıq qazanan obrazlar, ifadələr, təsvirlər, hərəkətlər.
M. – audio, vizual, audiovizual, yazılı informasiya şəklində ola bilər. Mediada bu termin XXI əsrin ilk onilliyində kök salıb.
Jurnalistika terminləri lüğəti