Reklam
Reklam

Tarix terminləri lüğəti

maarifçilik

XVII əsrin sonu – XVIII əsrdə Avropa və Şimali Amerikada geniş yayılmış mədəni hərəkat.

Bəşər mədəniyyəti tarixində siyasi, fəlsəfi və ictimai fikrin inkişafı baxımından ən həlledici mərhələlərdən biri olan M. dövrü ideologiyasının əsasında rasionalizm və azadfikirlilik durub. XVII əsrdə İngiltərədə yaranan M. daha sonra Fransa, Almaniya və digər ölkələrə də yayılıb. Onun ideoloqları “təbii hüquq” nəzəriyyəsinə əsaslanaraq cəmiyyətdə “əqlin hökmranlığı”nın qurulması, siyasi azadlıqlar və vətəndaşların bərabərliyi uğrunda mübarizə aparıblar. M. dövrü insan zəkasına sonsuz inam, dini doqmatizmin məhvi, elmin orta əsr sxolastikası və dini cəhalət üzərində qələbəsi epoxası olub. Bu baxımdan dini dünyagörüşündən imtina və idrakın yeganə mənbəyinin insan zəkası olması fikri həmin dövrün ən səciyyəvi cəhəti sayılır. Məhz bu dövrdə canlı Avropa dilləri latın dilini təhsil və elm sahəsindən sıxışdırıb çıxarmağa başlayıb, milli dillər inkişaf edib. ABŞ-ın “Müstəqillik bəyannaməsi”nin, habelə Fransanın “İnsan və vətəndaş hüquqları bəyannaməsi”nin əsasında da M. ideyaları durur. M. hərəkatının ən görkəmli nümayəndələri İngiltərədə C.Lokk, Fransada Volter, J.J.Russo, D.Didro, R.Dekart, P.Holbax, Almaniyada Q.Lessinq, F.Şiller, İ.Höte, ABŞ-da T.Cefferson, B.Franklin və b. sayılırlar.

Tarix terminləri lüğəti