lat. senatus < senex – qoca
1. Qədim Romada ali dövlət orqanlarından biri.
S. çarlıq dövrünün sonunda (e.ə. VI əsr) patrisi nəsillərinin ağsaqqallar şurası əsasında yaranıb və çarın yanında dövlət şurası funksiyasını yerinə yetirib. Respublika dövründə, e.ə. V–III əsrlərdə plebeylərlə patrisilər arasında silki mübarizə nəticəsində S.-ın bəzi səlahiyyətləri ondan alınaraq komitsiyalara (xalq yığıncaqlarına) verilib. E.ə III–I əsrlərdə S. hərbi işlərə, xarici siyasətə, maliyyə sisteminə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərliyi, habelə komitsiyalarda səsverməyə çıxarılacaq qanun layihələrinin ilkin müzakirəsini həyata keçirib. Fövqəladə vəziyyətin elan edilməsi də S.-ın səlahiyyətinə daxil olub. S. üzvlərinin siyahısı (e.ə. 88-ci ilədək 300 üzv, sonra 600 üzv) senzor tərəfindən tərtib edilib. Yalnız yüksək dövlət vəzifələri (magistratura) tutan və ya tutmuş, eləcə də müəyyən əmlak senzinə malik şəxslərə bu qurumun üzvü olmaq hüququ verilib. İmperiya dövründə S.-ın səlahiyyətləri tədricən məhdudlaşdırılıb, həmin səlahiyyətlər imperatorun əlində cəmləşdirilib. Buna baxmayaraq, S. formal olaraq ali dövlət orqanlarından biri kimi qalıb.
2. Bir sıra ölkələrdə (ABŞ, Kanada, İtaliya, Fransa, Belçika və s.) parlamentin yuxarı palatası.
Bəzi ölkələrdə S. birbaşa (ABŞ, İtaliya), yaxud çoxpilləli (Fransa) seçki yolu ilə formalaşdırılır, digərlərində isə (Kanada, İordaniya) onun üzvləri dövlət başçısı tərəfindən təyin edilir.
See also:
Tarix terminləri lüğəti