Rusiyada 1905-ci ildə yaradılmış iri mərkəzçi konstitusiyaçı-demokratlar partiyasının üzvləri.
Partiya bəzən “Xalq azadlığı” da (“Народная свобода”) adlanıb. K.-in özəyini liberal ruhlu torpaq sahibləri, orta şəhər burjuaziyası və ziyalıların nümayəndələri təşkil ediblər. Rusiyada konstitusiyalı monarxiyanın və demokratik azadlıqların bərqərar olunması, mülkədar torpaqlarının əvəzi ödənilməklə alınması, “fəhlə məsələsi”nin qanunvericilik yolu ilə həllini tapması kimi müddəalar K.-in siyasi proqramının əsasında dayanıb. 1917-ci il Fevral inqilabından sonra bu partiya Rusiyanın aparıcı siyasi qüvvəsinə çevrilib, Müvəqqəti hökumətdə əsas postları məhz onun üzvləri tutublar. 1917-ci ilin oktyabr çevrilişindən sonra K. bolşeviklərə qarşı mübarizənin önündə gediblər. 1905-ci ildə Bakı quberniyasından I Dövlət Dumasına seçilmiş Ə.Topçubaşov da Dumada K. fraksiyasının sol qanadına mənsub olub.
Tarix terminləri lüğəti