Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

haşiyə

1) Əsas süjetdən və ya mühakimə mövzusundan yayınma, kənara çıxma.

Bədii ədəbiyyatda iki cür haşiyəyə rast gəlinir. Mühakimə tipli mətnlərdə – esse, didaktik ədə­biyyat və s.-də müəllif hər hansı fikrini əsaslandırmaq üçün kiçik süjetli mətnə müraciət edir ki, həmin nəqli xarakterli mətn haşiyə adlanır. Məsələn, “Qabusnamə”, “Gülüstan”, “Kəlilə və Dimnə” kimi əsərlərdə rəvayət, hekayət tipli haşiyələrə tez-tez rast gəlmək mümkündür. Digər haşiyə növü çox zaman lirik haşiyə və ya ricət adlanır. Bu cür haşiyələrə təhkiyə formasında yazılmış epik və ya lirik-epik əsərlərdə geniş yer verilir. Müəllif təhkiyəyə ara verərək təsvir etdiyi hadisəyə və ya obraza münasibətini bildirir, yaxud təhkiyədən təsvirə, nəsrdən nəzmə keçir. Bu halda fəlsəfi mühakimə və ya peyzaj xarakterli mətn haşiyə adlanır.

2) Mətndə işlənmiş müəyyən söz və ya ifadələri şərh etmək üçün səhifənin aşağı hissəsində verilən izah.

Adətən, kiçik şriftlə yığılır. Mətndə aid olduğu hissənin sonunda ulduz işarəsi və ya rəqəm qoyulur.

3) Kitab və ya əlyazma vərəqində mətn ətrafındakı boş yerlərdə yazılmış qeydlər.

Orta əsr şairlərinin elmi-fəlsəfi məzmunlu əsərlərinin əlyazma nüsxələrində şərh və təfsir şəklində haşiyələrə təsadüf edilir. Haşiyə müəllifin özü və ya əsərin oxucusu tərəfindən yazıla bilər. Hər iki halda qədim əl­yaz­malardakı haşiyələr mətnşünaslar üçün dəyərli araşdırma obyektidir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti