1. Toxunmaq; əl vurmaq, əlini toxundurmaq. □ Mixək əkdim ləyəndə; Mixək boynun əyəndə; Bir cüt qurban demişəm; Əlim əlinə dəyəndə. (Bayatı).
2. Bir şeyə yetişib toxunmaq, rast gəlib toxunmaq. □ Güllə də igiddən qorxar, o həmişə qorxağa dəyər. (Ə.Vəliyev).
3. Məcazi mənada: toxunmaq, pis təsir etmək, təhqir etmək. □ Qəlbinə dəymək. Könlünə dəymək. Onun sözü mənə dəydi.
4. “Gözə”, “gözünə”, “gözümə” sözləri ilə – görünmək, sataşmaq. □ Çoxdandır gözümə dəymirsən.
5. “Qulağa”, “qulağına”, “qulağıma” sözləri ilə – yetişmək, qulağa çatmaq. □ Bayramın qulağına at ayaqlarının tappıltısı dəydi. (M.Hüseyn).
6. “Yerə” sözü ilə – yıxılmaq. □ Kişi səndələdi, ağzı üstə yerə dəydi. (M.Hüseyn).
7. “Soyuq” sözü ilə – soyuqlamaq, soyuğun təsirindən xəstələnmək. □ Əhməd, balam, üstüaçıq niyə yatıbsan, soyuq dəyər. (A.Divanbəyoğlu).
8. “Bir-birinə” sözü ilə – qarışmaq. □ ...Dünya və aləm bir-birinə dəyib. (C.Məmmədquluzadə).
9. Məcazi mənada: baş çəkmək, bir yerə, ya birisinin yanına az vaxt üçün getmək. □ Mən kötükçıxaran maşınlara dəyib, tez gəlirəm. (Ə.Vəliyev).
10. “Köməyi”, “yardımı” və s. sözləri ilə – köməyi, yardımı olmaq, faydası olmaq, xeyri olmaq. □ Qoy deməsin camaat ki, Aslan bəyin kasıblara bir köməyi dəyməyir... (C.Cabbarlı).
11. Məcazi mənada: mənası olmaq, lazım olmaq. □ Belə bir gözəllik uğrunda vuruşmağa dəyirdi. (Ə.Məmmədxanlı).
12.Dəyər şəklində – layiqdir. □ Yaxşı maldır, almağa dəyər. Baxmağa dəyər.
1. Dəymiş hala gəlmək; yetişmək. □ Taxıl dəymişdir. Tut dəymişdir. Ağac meyvəni dəyənə qədər saxlar. (Atalar sözü).
2. Yetişmək (çiban, yara haqqında).
Həmçinin bax: