Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

anadiplosis

yun. anadiplosis – ikiləşmə

Üslubi fiqur: cümlə, şeir misrası və ya bəndinin sonundakı sözün (sözlərin) növbəti cümlə, misra və ya bəndin əvvəlində təkrar olunması.

Adətən, ikinci dəfə işlədilən leksik vahid məntiqi vurğu tələb edir və daha yüksək emosional təsirə malik olur; məs.: “Qapıdan dolan sərin meh üzümə toxunub saçlarımı tərpətdikcə mən öz gözəlliyimi daha dərindən hiss edirdim. Hiss edirdim ki, mən özüm bu sükut edən kainatın, bu qaranlıq gecənin sevinci, səadətiyəm”. (İ.Əfəndiyev. “Körpüsalanlar”)

Başqa bir nümunə:

Heç bundan da ağır günah olarmı, de,

Çəkişmələr səngiməyir o zamandan.

O zamandan bəşər olub doğma, ögey,

Bir-birinin ətin yeyir o zamandan... (Cabir Novruz)

Elmi ədəbiyyatda bu fiqur başqa terminlərlə də adlanır: epanafora (epifor və anafor elementlərinin birləşməsi), epanstrofa (bəndin sonu və əvvəli), calaqlanma.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti