Reklam
Reklam

Tarix terminləri lüğəti

anabaptizm

yun. anabaptizo – hərfi mənası: yenidən xaç suyuna çəkmə

XVI əsrdə Reformasiya dövründə Qərbi və Mərkəzi Avropada yayılmış ən radikal dini təriqətlərdən biri.

A.-in sosial bazasını şəhər plebeyləri, kəndlilər, bürgerlərin radikal hissəsi təşkil edib. Bu təriqət uşaqların xaç suyuna salınmasını rədd edib, anabaptist icmasına qoşulanların şüurlu yaşda yenidən, ikinci dəfə xaç suyuna salınması tələb olunub. Təriqətin adı da buradan yaranıb. A. hər cür kilsə təşkilatı və iyerarxiyasına, habelə ikonalara pərəstişə qarşı çıxıb. Vergiləri ödəməkdən və hərbi xidmətdən imtina edən A. tərəfdarları var-dövlət və sosial bərabərsizlik əleyhinə olublar. Onlar əmlak ümumiliyinin tətbiqini və Yer üzündə “İsa Məsihin minillik ədalət çarlığının” bərqərar olunmasını tələb ediblər. Belə radikal tələblərə görə A. ardıcılları təkcə katoliklərin deyil, bəzi hallarda hətta protestantların da təqiblərinə məruz qalıblar. Sonradan A. bir sıra müstəqil qollara parçalanıb. Həmin təriqətin ideyaları müasir baptizmin formalaşmasında mühüm rol oynayıb.

Tarix terminləri lüğəti