Qədim dövrdə və erkən orta əsrlərdə Azərbaycan, Orta Asiya, İran, Əfqanıstan, eləcə də Yaxın və Orta Şərqin bir sıra digər ölkələrində geniş yayılmış din.
Hazırda Z. yalnız Hindistanda parslar, İranda isə gəbrlər arasında qalıb. Bu din e.ə. VI əsrin ortalarına kimi yaşadığı ehtimal olunan Zərdüşt peyğəmbərin adı ilə tanınıb. Z. üçün monoteist meyillər səciyyəvi sayılır ki, bu da özünü ali və vahid Allah olan Ahura Mazdaya pərəstişdə göstərir. Həmin səbəbdən Z.-i bəzən mazdaizm də adlandırırlar. Z. üçün həmçinin dualizm – xeyir və şər başlanğıcların əbədi mübarizəsi xarakterik hesab olunur. Xeyir qüvvələrin başında Ahura Mazda (Hörmüzd), şər qüvvələrin başında isə Anhra Manyu (Əhrimən) durur. Z. mərasimlərində əsas rolu ilahi ədalətin təcəssümü sayılan od oynayır. Z. dövlət dini kimi Sasanilər dövründə formalaşıb, ərəb istilalarından sonra da üç-dörd əsr ərzində İranda və qonşu ölkələrdə mühüm rol oynayıb. Lakin islamın mövqelərinin möhkəmlənməsi ilə Z. ardıcıllarının əksəriyyəti Hindistana mühacirət edib və müasir parslar onların varisləri sayılırlar. Z.-in müqəddəs kitabı “Avesta”dır.
Tarix terminləri lüğəti