Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SÜRƏYYA

ərəb. sürayya sözündəndir. Müasir Azərbaycan dilində Ülkər və ya Yeddiqardaş adlanan ulduzun ərəb dilindəki adıdır.

Qədim astral təsəvvürlərə görə, Sürəyya pleyadası Böyük Köpək bürcünün xaltasıdır. XX əsrdə Sürəyya qadın adı çox populyar olmuşdur. Məlum olduğu kimi, keçən əsrin ortalarında əmək qəhrəmanı Sürəyya Kərimovanın şöhrəti hər yana yayılmışdı, şəninə bəstələnmiş məşhur “Sürəyya” mahnısı dillər əzbəri idi. Bütün bunlar adın məişətimizdə çox geniş yayılmasında əsas rol oynamışdı. XX əsrdəki qədər olmasa da, bu gün Azərbaycanda Sürəyya adını daşıyan qadınların sayı kifayət qədərdir. Adın təhrif olunmuş Surayya, Suraya, Surayə formaları da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Adın daşıyıcılarından Sürəyya Ağaoğlu (1903-1989) Azərbaycan Demokratik Respublikasının yaradılmasında əməyi keçən ziyalılarımızdan Əhməd bəy Ağaoğlunun qızıdır. Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra ailəsi ilə Türkiyəyə köçmüş Əhməd bəy ömrünün sonuna qədər elmi fəaliyyətlə məşğul olmuşdur. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu həm də Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlqoyucusudur. Bir sıra hüquqi məqalələrin, “Londonda gördüklərim” və “Bir ömür də belə keçdi” kitablarının müəllifidir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti