Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HATƏM ərəb.

hatam sözündəndir. Hatəm Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar kişi adları sırasındadır.

Hatəm kişi adı ilə əlaqədar müasir Azərbaycan dilində mövcud “Adəmdən Hatəmədək” ümumişlək ifadə antroponimlər vasitəsilə yaranmışdır. “Qurani-Kərim”in ayələrinə əsaslanaraq demək olar ki, Yer üzünə gələn ilk insan və ilk peyğəmbər Adəm olmuşdur. Adəm və Həvvadan insan nəsli törəyib artmışdır. Hatəm isə sonuncu peyğəmbərin adındandır (ərəb dilində son, axır, sonuncu, axırıncı anlamına gəlir, dilimizdəki “xətm etmək”, yəni bitirmək, sona çatdırmaq ifadəsi buna sübutdur). “Adəmdən Hatəmədək” ifadəsi də başdan sona qədər, yaxud əvvəldən axıradək mənasında işlədilir. Hatəm kişi adı həm də əliaçıq, səxavətli, comərd adam kimi mənalandırılır. Bu, mənbələrdə Ərəbistanda Tai qəbiləsindən olmuş Hatəmin adı ilə əlaqələndirilir. Qeyd edilir ki, HatəmiTai VI-VII əsrlərdə yaşamış ərəb qəbilə başçısı və şair olmuşdur, həddən artıq səxavətli olduğuna görə adı xalq arasında deyimlərdə, atalar sözlərində, ifadələrdə və s. yer almışdır. Şərq əsatirində çox varlı, ürəyiyumşaq, əliaçıq olan əfsanəvi bir adamın adından olduğu barədə də məlumatlar vardır. Bu günə qədər Hatəmin adı Şərq ədəbiyyatında səxavət rəmzi kimi işlədilməkdədir. Azərbaycanda orta və yaşlı nəslin nümayəndələri arasında Hatəm kişi adına kifayət qədər rast gəlinir. Dilimizin fonetik qanunlarına uyğun Hətəm kimi tələffüz edilmiş, sonradan Hətəm adı da müstəqil kişi adı kimi rəsmiləşmişdir. Adın daşıyıcılarından biri – 1853-cü ildə Qusarın Cağar kəndində anadan olmuş Qaçaq Hətəm çarizmin müstəmləkəçilik siyasətinə qarşı çıxmış və Azərbaycan Demokratik Respublikasını müdafiə etmək üçün dəfələrlə XI Qırmızı Ordunun dəstələri ilə fədakarcasına döyüşmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti