fatima sözü dilimizə hərfi tərcümədə ürəyin bir parçası, sinədən, ürəkdən qopmuş anlamını ifadə edir.
Fatimə qadın adı, demək olar ki, bütün izahlı lüğətlərdə süddən ayrılmış, döşdən kəsilmiş (əmizdirmənin bitməsi mənasında) kimi izah edilir. Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin adlarına da üstünlük verilmişdir. Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də mövcud Fatimə Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, sonradan imam Əli ilə ailə qurmuş kiçik qızının adı olmuşdur. Məlum olduğu kimi, Fatimə əz-Zəhra İslam tarixinə dörd mükəmməl qadından biri kimi düşmüşdır (Məryəm, Xədicə, fironun xanımı Asya da onlarla bir sıradadır). İslam dininə görə, Fatimə adının mənası qadının əsas funksiyasını – ana olmaq kimi şərəf işini bir daha xatırladır. Qadına bu adı verənlər də, yəqin ki, qız övladlarına əsl ana olmağı arzu etmişlər. Çünki dinimizdə qadın dünyaya sağlam övlad gətirib, onu sağlam böyüdəndən sonra Fatimə adını doğrultmuş olur. İslam dininə görə, ana, bir qadın üçün təsəvvür oluna bilən bütün üstün cəhətlər Fatimeyi-Zəhrada (s.ə.) cəmlənibmiş. O, adi bir qadın deyil, səmavi bir qadın, insanlığın bütün mənasında insan, qadınlığın bütün mənasında qadın olmuşdur. Din tarixində Fatimə çox kiçik və sadə evində İslam tarixinin aparıcı şəxsiyyətlərini tərbiyə edən qadın kimi qalmışdır. O, iki imamın (Həsən və Hüseyn) anası olmuşdur. Fatimənin Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra kimi doqquz adı məlumdur. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Dini mənbələrdə deyilir ki, Fatimə olmasaydı, möminlər ağası Əli üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı. Fatimə İslam dini bərqərar olandan məişətimizdə əsrlərdən bəri geniş yayılmış, bu günə qədər dəbdən düşməyən qadın adları sırasındadır. Qeyd etmək lazımdır ki, İslam tarixçilərinin əsərlərində Museyi ibn Cəfərin qızlarının da adı “Fatimə” olaraq qeyd edilmişdir (bəzi mənbələrdə Fatimeyi-Kübra (ə), Fatimeyi-Suğra (ə) və s.). Fatimə adı sovet dövründə bilərəkdən Fatma kimi təhrif edilmiş formada işlənmiş, sonradan rəsmi sənədlərdə də bu cür qeyd edilmişdir.Azərbaycan antroponimikasında adın işləndiyi Fatmabəyim (əslində Fatiməbəyim), Fatmanisə/Fatmansa (əslində Fatimənisə), Fatmaxanım (əslində Fatiməxanım) kimi mövcud mürəkkəb adlarda da ad bilərəkdən təhrif edilmişdir. Müstəqillik illərində ad yenidən Fatimə kimi rəsmiləşmişdir. 2013-cü ilin statistik məlumatlarına görə, bu il dünyaya gələn qız uşaqlarına ən çox Fatimə adı qoyulmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti