Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FİRDOVSİ ərəb.

firdovsi (əslində firdaus) sözündəndir.

Mənbələrdə ərəb dilinə sanskrit dilindən keçməsi barədə məlumatlar vardır. Ərəb dilində ad Firdausi, fars dilində Firdousi, Azərbaycan dilində Firdovsi/Firdövsi şəklindədir. Dilimizdə cənnət, behişt, cənnətə aid olan, behiştə aid, cənnət bağı, bağ-bağat, bağça mənalarındadır. Adın təhrif olunmuş formaları Firdövsi, Firdosi də sonradan müstəqil şəxs adları kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Firdosi şəklindədir. Məlum olduğu kimi, sənətsevər xalqımız öz övladlarına görkəmli sənət adamlarının adlarını, təxəllüslərini sevə-sevə verir. Məsələn, Nizami (bax: ad – NİZAMİ), Füzuli (bax: ad – FÜZULİ) və s. Firdovsi/Firdövsi də görkəmli fars-tacik şairi, məşhur “Şahnamə” əsərinin müəllifi Əbülqasim Firdövsinin (934-1020) şərəfinə yaranmış kişi adıdır. Əbülqasim şairin əsl adı olmayıb, künyəsidir, Qasımın atası anlamındadır, Firdovsi də təxəllüsüdür. Şairin dünyada tanınması Sultan Mahmud Qəznəvinin sifarişi ilə təxminən 35 ilə yazdığı məşhur “Şahnamə” əsəri ilə əlaqədardır desək, yəqin ki, səhv etmərik. XX əsrin otuzuncu illərində bütün keçmiş sovet respublikalarında olduğu kimi, Azərbaycanda da Ə.Firdövsinin min illik yubileyinin keçirilməsi qərara alınmışdı. Bu münasibətlə, yəni yubiley ərəfəsində şairin həyat və yaradıcılığı ilə əlaqədar müxtəlif tədbirlər keçirilirdi. Sənətkarın yaradıcılığı hərtərəfli işıqlandırılırdı. Firdovci/Firdövsi adının məişətimizə daxil olması da həmin dövrə təsadüf edir. Xalqımız bu ərəfədə sənətkar Ə.Firdövsini daha yaxından tanıdı, sevdi və təxəllüsünü də övladlarına verdi.

Azərbaycan şəxs adlarının izahlı lüğəti