Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BAĞDAD ərəb

dilində bağdad əslində Dəclə və Fərat çaylarının arası mənasındadır.

Bağdad İraqın paytaxtının adındandır. Tarixdən məlum olduğu kimi, Bağdad orta əsrlərdə Xilafətin və Abbasilər sülaləsi xəlifələrinin mərkəzi və əsrlərlə böyük mədəniyyət mərkəzi olmuşdur. Sədi və bir çox başqa məşhur adamlar orada təhsil almışlar. Adın Bağdad (İraqın paytaxtı) toponimi əsasında yaranmasına şübhə yoxdur. Əvvəla, hər iki vahid eyni səs sisteminə malikdir. Digər tərəfdən, toponim əsasında yaranmış antroponimlər türk antroponimik vahidlər sistemində xüsusi yer tutur. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında qədim adlardan olan Bağdad bir zamanlar məişətimizdə müştərək şəxs adları sırasında olmuşdur. Bağdad kişi adı artıq köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayır. Lakin Bağdad qadın adı məişətimizdə az da olsa işlənməkdədir. Bağdad qadın adının kişi adına nisbətən uzunömürlü olmasının səbəbi, fikrimizcə, erkən dövrlərdən sözün dilimizdə həm də gözəllik ifadə etməsi ilə əlaqədar olmuşdur. Dilimizdə həddən artıq gözəl mənasında Bağdad gözəli ifadəsi vardır, eləcə də Azərbaycan şifahi xalq ədəbiyyatında Bağdad toponiminin gözəllər diyarı, gözəllər məkanı mənasında işlənmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti